Amerikalı iş adamı və rejissor Ceyms Qlikenhausa məxsus olan Scuderia Cameron Glickenhaus şirkəti yeni modelin tizerini dərc edib. Yeni sportkarın tizerləri şirkətin Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində yerləşdirilib.
Təsvirlərdə avtomobilin fənərlərindən, hava girişi olan kapotu və splitteri təsvir olunan ön hissəsi əks etdirilib. İstehsalçı sportkarın karbondan hazırlanmış kuzov və şassiyə malik olacağına işarə edib. Üç yerli salona malik olan superkarın 650 at qüvvəsi hasil edən mühərrik və altı pilləli mexaniki ötürmələr qutusu ilə təchiz ediləcəyi ehtimal olunur. Sportkartın qiyməti 400 min dollar olacaqdır.
Şirkət mart ayında keçirilmiş Cenevrə avtosalonunda amerikan istehsalçısı Glickenhaus SCG003S superkarını təqdim etmişdi. Superkar 800 at qüvvəsinə və 850 Nm fırlanma anına malik olan 4,4-litrlik iki turbokompressorlu V8 mühərriki ilə təchiz edilir. Mühərrik yeddi pilləli sekvental ötürmələr qutusu ilə birgə çalışır. 100 km/saat həddinə superkar üç saniyədən az bir müddətə sürətlənir.
Onun maksimal sürəti 349 km/saata bərabərdir.
Avtomobilin əsasını karbondan hazırlanmış monokok təşkil edir. SCG 003S modelinin kuzov panelləri karbonplastikdən hazırlanmışdır.
Modelin çəkisi 1360 kiloqramdır. 250 km/saat sürətində avtomobilin aerodinamikası 703 kiloqrama bərabər yerəbasma gücü təmin edir. Avtomobilin istehsalına başlanacağı tarix və dəyəri məlum deyildir. SCG 003S modelinin buraxılışı ilə İtaliyanın Manifattura Automobili Torino şirkəti məşğul olacaqdır.