Qış testlərinin başlanmasına 3 gün qalmış, fevral ayının 19 tarixində, Ferrari komandası yeni mövsümdə istifadə edəcəyi Formula 1 bolidini təqdim etmişdir. Ferrari SF16-H (Hibrid mənasını daşıyır) adlandırılmış avtomobilin təqdimatı komandanın rəsmi saytında canlı olaraq yayınlanmışdır. Təqdimat mərasimində səhnədə yer alan komandanın rəhbərliyi və pilotları Scuderia Ferrari qarşısında qoyulan tapşırıqlar və onların həlli yolları barədə danışmış, həmçinin müxtəlif ölkələrdən olar azarkeşlərin suallarını cavablandırmışdırlar.
Ferrari bolidinin uzun illərdir dəyişilməz qalan rəng çalarlarında da yenilik vardır: müşahidə etsəniz görərsiniz ki, avtomobilin havalandırma girişi ağ rəngə boyanmışdır. Lakin, əsas dəyişikliklər bolidin korpusunun altındadır - Ferrari komandası liderlərə çatmaq və qələbə uğrunda mübarizə aparmaq üçün əlindən gələni etmişdir. Keçən il komandanın rəhbərliyində ciddi dəyişikliklər baş vermişdir ki, bu gün bunun nəticələri göz qarşısındadır. İlkin olaraq səhnəyə yeni bolidi təqdim edən Maurusio Arrivabene çıxmışdır.
Maurisio Arrivabene: «Mən sizə yeni avtomobilimizi təqdim etmək istərdim. Sizcəı bu sadəcə yarış avtomobilidirmi? Məncə, belə deyil. Mən hesab edirəm ki, bu sadə yarış avtomobili deyil - bu Ferraridir. Biz əminik ki, o komandaya qələbə qazandırmağa imkan yaradacaqdır.
SF16-H bir çox insanların məqsədyönlü zəhmətinin bəhrəsidir. Biz indi Ferrari ‘nin logistika ilə məşğul olan bölməsindəyik və bir neçə saatdan sonra bolid Barselonaya göndəriləcək ki, orada biz yeni avtomobilin potensialını qiymətləndirmək imkanı əldə edəcəyik. Bizim uğurlar sadəcə təsadüflərin uğurlu birləşməsi deyil.
Maranelloda çoxsaylı kollektiv mövcuddur ki, onun da üzvləri geniş kütləyə tanış deyillər - onlar yarışlara qatılmırlar, treklərə səfər etmirlər. Onlar sadəcə öz işləri ilə məşğuldurlar və çalışdıqları departamentlərdə, aerodinamik boru bölümündə və ya layihə bürosunda əhəmiyyətli yer tuturlar. Onlar, Ferrari komandasının inkişafına öz töhfələrini verən insanlardır.
Biz hamımız bir komandayıq və bizim bir məqsədimiz var. Biz bilirik ki, güclü rəqiblərimiz var - əsasən də keçən il çempion titulunu qazanmış Lyuis Həmilton. Amma biz daimi inkişafa yönəlmişik və yarışlara səs-küylü bəyanatlarla deyil, qələbə qazanmaq üçün gedirik. Bizi yarışlara olan ehtiras və məqsədə çatmaq arzusu irəli aparır.
Keçən il bizim məqsədimiz üç yarışda qələbə qazanmaqdır ki, onu da yerinə yetirmişik. Biz başa düşürük ki, rəqiblərimiz güclüdür və qələbə qazanmaq çətin olacaqdır, amma hər birimiz bu məqsədə çatmaq üçün əlindən gələi edəcəkdir».
Sebastyan Vettel: «Yeni avtomobil çox gözəl alınmışdır. Maurisio Arivvabene demişkən, ona çoxlu əmək sərf edilib və bu bizim hər birimiz üçün çox maraqlı vaxt olmuşdur. Lakin, avtomobil haqqında əsl təəssüratlarımızla onu trekdə sınaqdan keçirdikdən sonra bölüşəcəyik. Əminəm ki, o bizə irəli getməkdə kömək edəcəkdir.
Mən Ferrari komandasına gələn zaman yenidənqurma prosesi gedirdi, bir çox əməkdaşlar vəzifələrini dəyişirdilər. Lakin, bu qış mövsümə hazırlıq lazımi səviyyədə həyata keçirildi. Bizim güçlü komandamız var. Bunu keçən il də müşahidə etmək olardı, amma bu il biz güclü olmalıyıq.
Qarşımıqda daha yüksək məqsədlər durur və bu təbiidir.Mən Ferrari komandasındakı ilk ilimi möhtəşəm şəkildə keçirdim. Lakin, bu qənaətbəxş deyil - biz qələbələr qazanmaq istəyirik. Keçən il biz Konstruktorlar kubokunda ikinci yeri tutduq və artıq növbəti addımı atmaq gərəkdir. Bu inanılmaz dərəcədə çətin olsa da, biz inanırıq ki, yeni avtomobilimiz bu inanılmaz planların həyata keçirilməsində biz köməklik göstərəcəkdir».
Kimi Rəykkonen: «Yeni mövsüm - yeni avtomobil. bütün avtomobillər bir-birindən fərqlidir və onların yaradılmasını müşahidə etmək çox maraqlıdır.
Biz yeni avtomobildən çox şeylər gözləyirik. SF16-H əla görünür, lakin onun haqqında obyektiv fikir spyləmək üçün bir neçə dövrə vurmaq gərəkdir.
Hələki hər şey yaxşıdır, və ümid edirəm ki, biz onunla uğurlar əldə edəcəyik».












