Seat şirkəti Paris avtosalonunda Arona modelinin ikiyanacaqlı variantı olan Arona TGI krossoverini təqdim edəcəkdir. Seat Arona TGI dünyada benzin və sıxılmış təbii qazla işləməyə qadir olan ilk krossoverdir. Metanla krossover 400 kilometr məsafə qət edir.
İkiyanacaqlı Seat Arona modeli 90 at qüvvəsi və 160 Nm fırlanma anı hasil edən 1,0-litrlik üçsilindrli turbomühərrik ilə təchiz edilir. Güc aqreqatları altı pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışır. Baqaj döşəməsinin altındakı xüsusi altlıqda quraşdırılmış üç balonda 14,3 kiloqramlıq sıxılmış qaz ehtiyatı saxlanılır. Ümumilikdə, bu qurğu bir qədər bundan öncə debüt edən Skoda Octavia G-TEC modelində quraşdırılmış qurğuya bənzəyir.
Seat Arona TGI modeli 100 km/saat həddinə 12,3 saniyəyə sürətlənir. Onun maksimal sürəti 172 km/saatdır. Metanla krossover 400 kilometr məsafə qət edə bilir. Kiçik benzin çəni isə əlavə 160 kilometr yürüyüşü təmin edir. Mənfi 10 dərəcədən aşağı temperaturlarda mühərriki işə salmaq və qaz forsunkalarını qızdırmaq üçün benzindən istifadə olunur.