Seat şirkəti özünün ilk krossoveri olan Ateca modelinin “idman” variantını təqdim etmişdir. Seat Ateca FR modeli adi krossoverlərdən ekteryer və interyerin tərtibatı ilə seçilir. Bundan başqa, “qaynar” variant 190 at qüvvəli mühərriklə hərəkətə gəlir.
Zahiri cəhətdən "idman" modifikasiyasını “metal” əlavələri olan yeni aerodinamik kuzov dəstinə, işıqdiodlarından hazırlanmış duman əleyhinə fənərlərə, xüsusi emblemlərə və 245/40 ölçülü şinlərlə təchiz edilmiş 19-düymlük təkər disklərinə görə tanımaq mümkündür.
Avtomobilin salonunda aşağı hissəsi “kəsilmiş” və seçilən tikişləri olan sükan çarxını, pedalların metal üzlüyünü və oturacaqların qismən alkantara ilə örtülməsini müşahidə etmək olar. Krossoverin 2,0-litrlik turbomühərriki 6-pilləli mexaniki və yaxud DSG “robotu” ilə komplektləşdirilə bilər. 190 at qüvvəli mühərrikə alternativ olaraq 150 at qüvvəli benzin və dizel mühərriklərini də seçmək olar.
Standart olaraq Ateca FR modeli öndən çəkişli olacaqdır. Tam şəkiş sistemini arzu edənlər isə, əllərini ciblərinə salmalıdırlar. Bundan başqa, opsiyalar siyahısında gücü tədricən artan sükan idarəetməsi və adaptiv amortizatorları olan DCC asma sistemi mövcuddur. Krossoverin satışlarına bu ilin yayında başlanacaqdır.