«Auto Express» dərgisinin Seat şirkətindəki mənbələrinin verdiyi məlumata görə, ispan şirkəti Ateca krossoverinin «qaynar» variantını buraxmağı planlaşdırır. Cupra indeksini alacaq «bərkgedən» krossoverin kütləvi nümayişi bu ilin payızında Parisdə keçiriləcək beynəlxalq avtosalonda baş tutmalıdır. Seat Ateca Cupra modeli azaldılmış klirensi və idman xarakteri olan asqı sistemi ilə təchiz ediləcəkdir. «Qaynar» krossover iri bamperləri, görünüşü dəyişdirilmiş radiator barmaqlığı, buraxılış sisteminin cüt boruları və işıq diodlarından elementləri olan fənərlərlə seçiləcəkdir.
Seat Ateca Cupra krossoveri Leon Cupra hetçbekindən tanış olan və gücü 290 at qüvvəsindən 300 at qüvvvəsinə qədər artırılmış 2,0-litrlik dörd silindirli turbomühərriklə hərəkətə gələcəkdir. Bundan əlavə, yeni krossover Volkswagen Golf R modelindən alınmış tam ötürməli çəkiş sistemi ilə də təchiz ediləcəkdir. Seat Ateca Cupra modelinin 100 km/saat həddinə altı saniyədən az bir vaxta sürətlənəcəyi ehtimal olunur.
«Qaynar» krossover xüsusi idman sürüş rejiminə də malik olacaqdır. Salondakı düyməyə basmaqla amortizatorların sərtliyini dəyişmək, təm çəkiş sistemini optimallaşdırmaq və akselerator pedalının həssaslığını artırmaq mümkün olacaqdır.
Avtomobilin salonunda idman tipli sükan çarxını, idman oturacaqlarını, qırmızı rəngli işləmələri və alüminiumla üzlənmiş pedalları müşahidə etmək mümkün olacaqdır. Bərkgedən krossoverin satış qiymətinin 45 min avro hüdudlarında olacağı ehtimal edilir.