Seat şirkəti yeni ən güclü və eksklyuziv modeli təqdim edib. Bu "bərkgedən" Leon Cupra R hetçbekidir. Mexaniki ötürmələr qutusu ilə təchiz edilmiş avtomobilin mühərriki 310 at qüvvəsi hasil edir.
Bu avtomobilin standart variantında olduğundan 10 at qüvvəsi çoxdur. Xüsusi seriyadan olan hetçbeklərdən 799 ədəd buraxılacaqdır. Eyni zamanda, Seat Leon Cupra R modeli robotlaşdırılmış iki muftalı DSG qutusu ilə də təklif ediləcəkdir. Bu halda, zahiri cəhətdən mexaniki qutusu olan hetçbekdən fərqlənməyən modelin mühərrikinin gücü 300 at qüvvəsi olacaqdır. Variantından asılı olmayaraq bütün hetçbeklər öndən çəkişli olacaqdırlar.
İstehsalçı "bərkgedən" hetçbekin dinamik xarakteristikalarını açıqlamayıb. Modelin mexaniki qutu ilə təchiz edilmiş standart variantı 100 km/saat həddini 5,8 saniyəyə toplayır. DSG qutusuna malik olan avtomobil isə 0,1 saniyə daha yeyindir. Hər iki halda avtomobilin maksimal sürəti 250 km/saat təşkil edir.
Leon Cupra R modeli "qaynar" hetçbekin baza variantından kuzovun xüsusi rəngləri, eksteryerin dəyişdirilmiş detalları, qızılı aksentləri və karbondan hazırlanmış dekorativ elementlər ilə fərqlənir. Hetçbekin eksklyuziv variantı DCC adaptiv asqı sisteminə və Brembo əyləc mexanizmlərinə malikdir.
"Bərkgedən" hetçbeklərin satışına bu ilin sonunda başlanacaqdır. Seat Leon Cupra R modelinin kütləvi təqdimatı bu ay keçiriləcək Frankfurt avtosalonunda baş tutacaqdır.