Seat şirkəti özünün ilk elektrik modelini təqdim edib. Seat Mii electric hetçbeki Skoda Citigo iV modeli kimi Volkswagen e-up! modelinin aqreqatlarında inşa edilib və dolu batareya ilə 260 kilometr (WLTP) qət edə bilər.
Elektrokar 82 at qüvvəsi və 210 Nm fırlanma anı hasil edən elektromühərrik və 35,8 kilovat-saatlıq tutuma malik olan batareya ilə təchiz edilir. WLTP siklinə əsasən Seat Mii electric elektrik enerjisi yükləmədən dolu batareya ilə 260 kilometrə qədər məsafə qət edə bilər. 100 km/saat həddinə yığcam elektrokar 12,5 saniyəyə sürətlənir və 130 km/saatlıq maksimal sürətə malikdir. Elektrokatın batareyasını dörd saata doldurmaq olar. 40 kilovatlıq terminaldan isə batareyanın 80 faizinin doldurulmasına bir saata yaxın tələb olunur.
İlk dəfə olaraq Seat avtomobili məsafədən birləşmə imkanı verən Seat Connect funksiyası ilə təchiz edilir. Bu funksiyanın köməyi ilə avtomobilin vəziyyəti haqqında məlumat almaq, onu parkinqdə tapmaq, qapıları açıb-bağlamaq, həmçinin klimatik qurğunu işə salmaq olar. Bundan başqa, Mii electric üçün beş təchizat dəsti nəzərdə tutulub – Garage, Easy Flex, Below Zero, Home Charge və FAST.
Seat Mii electric nəinki özəl şəxslərə, həmçinin kiorportaiv parklar üçün də nəzərdə tutulub. Elektrokarın əsas satış bazarları Avropa ölkələridir. Elektrik hetçbekinə sifarişlər sentyabr ayında qəbul edilməyə başlanacaqdır.