SEAT şirkəti özünün ilk krossoveri olan Ateca modelini rəsmi olaraq təqdim etmişdir. Yeni avtomobil keçən il Cenevrə avtomobil salonunda nümayiş etdirilmiş 20V20 konseptinin üslubunda hazırlanmışdır. İspanlar avtomobili Saraqosa əyalətində yerləşən Ateqa şəhərinə həsr etmişdirlər. Yeni avtomobil Volkswagen Tiguan modelinin ikinci nəsli üçün istifadə edilən MQB platformasında istehsal ediləcəkdir. SEAT Ateca modelinin baza variantı 116 at qüvvəsi gücü olan 1,0-litrlik üç silindirli benzin mühərriki, altı pilləli mexaniki sürətlər qutusu və öndən çəkiş sistemi ilə təchiz ediləcəkdir.
Krossoveri həmçinin, 4Drive adlanan tam ötürməli çəkiş sistemi ilə də sifariş etmək mümkün olacaqdır. Bundan əlavə, Ateca modeli kiçik yükləmə zamanı silindirlərinin yarısı söndürülə bilən 150 at qüvvəsi olan 1,4-litrlik dörd silindirli turbomühərriklə də təchiz ediləcəkdir.
Krossoverin dizel variantları gücü 116, 150 və 190 at qüvvəsi olan 1,6-litrlik dizel güc aqreqatları ilə komplektləşdiriləcəkdir. Mexaniki sürətlər qutusuna alternativ olaraq yeddi diapazonlu robotlaşdırılmış DSG sürətlər qutusu təklif ediləcəkdir.
Avtomobilin təchizatına tam işıq diodlarından hazırlanmış fənərlər, smartfonların naqilsiz qidalandırma sistemi, Apple CarPlay və Android Auto əlavələrini dəstəkləyən multimedia sistemi daxil olacaqdır. SEAT Ateca krossoverinin ilk nümayişi mart ayında baş tutacaq Cenevrə avtomobil salonunda təşkil ediləcəkdir.