Seat şirkəti Leon hetçbek və universalının “bərkgedən” modifikasiyası olan Cupra modelini təqdim etmişdir. Seat Leon Cupra universalı beşinci nəsil Haldex muftası olan 4Drive tam çəkiş sistemi ilə təchiz edilir.
Əvvəllər olduğu kimi, Seal Leon Cupra modeli 2,0-litrlik dörd silindirli turbomühərriklə təchiz edilir. Bununla belə, artıq onun gücü 300 at qüvvəsi, fırlanma anı isə 380 Nm təşkil edir. Xatırladaq ki, yenilənmədən əvvəlki variant 290 at qüvvəsinə və 350 Nm fırlanma anına malik idi. Beləliklə, yeni avtomobillər Seat şirkətinin tarixində buraxılmış ən güclü modellər olacaqdırlar. Yenilənmədən sonra Cupra modellərinin təchizatı da genişlənmişdir.
Artıq Leon Cupra və Leon ST Cupra modelləri, misal olaraq, zolaqlara nəzarət və adaptiv kruiz-kontrolla təchiz ediləcəkdirlər. Hetçbek və universal həmçinin səkkiz düymlük sensorlu ekranı olan Media System Plus multimedia və smartfonların naqilsiz qidalanması sistemi ilə təchiz ediləcəkdir. Bundan başqa, “qaynar” modellərin təchizatına adaptiv asma, elektron differensial və idarəetmə elektronikasının dörd quraşdırılmış və bir tənzimlənən rejimi daxildir.
Böyük ehtimalla hetçbek variantı da tam çəkiş sistemi ilə təchiz edilə bilər. Təsdiq edilməmiş məlumatlara görə, ispan istehsalçısı «qaynar» hetçbekin, 350 at qüvvəli Ford Focus RS modeli ilə rəqabətə girişəcək daha güclü variantını da buraxmaq barədə düşünür.