Seat şirkəti 11-21 may tarixlərində Barselonada keçiriləcək avtosalonda 600D retro avtomobilinin bazasında hazırlanmış prototipi nümayiş etdirəcəkdir. Adı çəkilən avtomobil Fiat 600 modelinin lisenziyalı sürətidir. Bu barədə xəbəri Autoweek dərgisi yaymışdır.
Seat 600 BSM adını almış prototip barədə dolğun məlumat dərc edilməmişdir. Prototipin orijinal təkərlərini və əyləc mexanizmini qoruyub-saxlayacağı, həmçinin onun eksteryerinin narıncı detallarla bəzədiləcəyi, interyerinin isə dəri ilə üzlənəcəyi söylənilir. İspan istehsalçısı prototipin dizayn layihədən başqa bir şey olmadığını, və onun gələcək seriya modelinə işarə vurmadığını bildirmişdirlər. Seat 600 1957-1973-cü illərdə Fiat şirkətindən alınmış lisenziya əsasında buraxılmışdır.
Avtomobillərin yığılması yalnız Barselonada həyata keçirilirdi. Bu müddət ərzində konveyerdən 797319 avtomobil çıxmışdır. Modifkasiyasından asılı olmayaraq Seat 600 dörd silindrli su ilə soyudulan benzin mühərriki ilə təchiz edilirdi.
Güc aqreqatının iş həcmi 600 kub santimentr təşkil edirdi. Mühərrik 19 at qüvvəsinə malik idi. Sonradan avtomobilə 21,5 at qüvvəsi təklif edən 800 kubluq mühərrik də quraşdırılırdı.