Seat şirkəti yeddi yerlik krossoveri istehsal edəcəyini artıq bəyan etmişdir. İstehsalçı avtomobilə Formentor adını verəcəkdir. Bu Mayorka adasındakı burunlardan birinin ismidir. Bu barədə məlumatı Auto Express dərgisi vermişdir. Xatırladaq ki, Seat şirkətinin illik mətbuat konfransında şirkətin prezidenti Luka de Meo iri krossoverin buraxılacağını səsləndirmişdir.
Yüksək vəzifəli menecer çıxışı zamanı avtomobilin dizaynı üzərində Seat şirkətinin Barselonadakı əməkdaşlarının məşğul olduğunu söyləmişdir. Yeni krossoverin istehsalı Volkswagen şirkətinin Volfsburqdakı zavodunda yerləşdiriləcəkdir. Luka de Meonun fikrincə bu VW və Seat arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcəkdir. Hazırlanan krossover üçün əsas olaraq MQB modul platforması seçilmişdir.
Eyni zamanda, yeni avtomobilin beş və yeddi nəfərlik salon ilə təklif ediləcəyi də məlumdur. Yeni krossover haqqında başqa məlumat verilməmişdir. Mətbuat konfransında İbiza modelinin bazasında hazırlanmış və Aron adlandırılacaq yığcam krossoverin istehsal ediləcəyi faktı da təsdiqini tapmışdır. Seat Aron krossoverinin istehsalı Seat şirkətinin İspaniyadakı zavodunda yerləşdiriləcəkdir. Krossoverin debütü bu ilin ikinci yarısında baş tutacaqdır.