Seat şirkəti yeni Cupra bredini təsis etdiyini bəyan edib. Beləliklə, ispan istehsalçısının «qaynar» modelləri artıq yeni marka və loqotip altında buraxılacaqdırlar.
Yeni markanın mətbuat nümayəndələri üçün təşkil edilmiş təqdimatı 22 fevral tarixində keçiriləcəkdir. Markanın ilk modelinin təqdimat mərasimi isə Cenevrə avtosalonu çərçivəsində baş tutmalıdır. Gözlənilənlərə görə, bu model Ateca krossoverinin «bərkgedən» variantı olacaqdır. Lakin, yeni modelin texniki içalatı barədə heç bir məlumat verilməyib. Hazırda Cupra modifikasiyasına yalnız Leon hetçbeki və universalı sahibdir. Avtomobillər 300 at qüvvəsi hasil edən 2,0-litrlik turbomühərrik ilə hərəkətə gəlirlər.
Leon Cupra modelləri 100 km/saat sürətini 5,7 saniyəyə toplayırlar. Eyni zamanda, keçən ilin payızında 310 at qüvvəli Leon Cupra R modeli də debüt edib. Bu modeldən 799 ədəd buraxılacaqdır.
Bütün Cupra modelləri adaptiv asqı sistemi, elektronika ilə idarə edilən differensial və idarəetmə elektronikasının rejimlərini dəyişən sistem ilə təchiz edilirlər. Hetçbekdən fərqli olaraq, universalı beşinci nəsil Haldex miftasının əsasında yaradılmış tam çəkiş sistemi ilə də sifariş etmək mümkündür.