Seat şirkəti Arona adlandıralacaq yeni yığcam krossoveri 2017-ci ildə keçiriləcək Beynəlxalq Frankfurt avtosalonunda təqdim edəcəkdir. Populyar SUV seqmentinə aid olan avtomobil Volkswagen konserninin MQB modul platformasının A0 modifikasiyasında istehsal ediləcəkdir.
Eyni arxitekturada Seat İbiza modelinin növbəti nəsli və Volkswagen konserninə daxil olan markaların avtomobilləri də yığılacaqdır. Bunlara misal olaraq, VW Polo və Şkoda Fabia modellərinin yeni nəslini göstərmək olar. İspan şirkətindən bildirildiyinə görə, Seat Arona modelinin dizaynı daha iri Ateca krossoveri ilə bənzərlik daşıyacaqdır. Seat Arona modeli dünya bazarlarında Renault Captur və Nissan Juke krossoverləri ilə rəqabət aparacaqdır. Ehtimallara görə, yeni krossoveri 2017-ci ilin dekabrında satın almaq olacaqdır. Sonradan krossover eksteryer və interyerinin tərtibatı ilə seçilən X-Perience modifikasiyasını da əldə edəcəkdir. Seat Arona X-Perience modeli 2018-ci ildə işıq üzü görəcəkdir.