Seat şirkəti, Kataloniyadakı siyasi böhranla əlaqədar olaraq, yeni yeddi yerlik krossoverinin adının açıqlanması mərasimini təxirə salıb. Bu barədə, şirkət daxilindəki mənbələrinə istinadən Reuters agentliyi xəbər yayıb.
“Hal-hazırda İspaniyanın kütləvi informasiya vasitələri nəzərlərini siyasətə yönəldiblər. Bu səbəbdən də, daha əlverişli zamanı gözləmək qərarına gəlmişik”, - agentliyin müsahibi bildirib.
İlkin olaraq, yeni yeddi yerli krossoverin adının 15 oktyabr tarixində açıqlanacağı bildirilmişdi. Krossoverin adını müsabiqə yolu ilə müəyyən edilib. Bu səsvermədə 106 ölkədən olan insanlar iştirak ediblər.
Sentyabr ayında keçirilən Frankfurt avtosalonunda Seat şirkəti dörd variantı açıqlamışdı: Alboran, Aranda,Avila və Tarraco.
Xatırladaq ki, Kataloniyanın müstəqilli haqqında referendum 1 oktyabr tarixində keçirilib. Səsvermə zamanı əyalətin əhalisinin 90 faizi ölkənin tərkibindən çıxmasına səs verib. Bununla belə, Kataloniyanın müstəqilliyi elan edilməmiş, Avropa komissiyası isə plebisitin qeyr-qanuni olduğunu hesab edib.