Qüvvədə olan və beşqat dünya çempionu Sebastyen Ojye Meksika Rallisinin ikinci günündə liderliyi ələ keçirib. Meksika Rallisi mövsümün ilk çınqıllı yollara malik olan yarışıdır.
M-Sport pilotu günə beşinci yerdə başlasa da, səhər bölümünün sonuna üçüncü yerə yüksəlib.
Nahardan sonra isə, fransız pilot liderliyi ələ keçirib. Bu uğur qismən öndə gedən iştirakçıların yaşadığı problemlərdən qaynaqlanıb. XH14-də Dani Sordo və həmin an yarışa liderlik edən Sebastyen Lyob təkərlərini deşiblər. İspaniyalı yarım dəqiqə itirərək üçüncülüyə geriləsə də, doqquzqat düya çempionuna bu hadisə iki dəqiqəyə başa gəlib. «Trayektoriyada daş vardı. Bunda qorxulacaq bir şey yoxdur. Mən təkərin deşiləcəyini düşünmürdüm, lakin hər şey bunun əksinə oldu», - final günü yarışı beşinci başlayacaq Lyob bildirib.
Liderliyə yüksələn Ojye hadisələrdən uzaq qalaraq gün ərzində dörd dopda qələbə çalıb. Üç bazar günü dopundan öncə Ojyenin əsas rəqibi və Meksika Rallisinin keçən ilki qalibi Kris Mik üzərində olan üstünlüyü 35,9 saniyə təşkil edir.
«Əla gündür, - Ojye çıxışını sərh edib. - Mən var gücümlə hücum edirdim və nəticədən çox razıyam».
Dani Sordo Kris Mikə 10,9 saniyə uduzur və hələ də ikincilik uğrunda mübarizə aparmaq şansına malikdir. Digər Hyundai pilotu Andreas Mikkelsen yarışı heç bir təzyiq olmadan dördüncü olaraq davam etdirir. Norveçli Sordodan 41,9 saniyə geridə qalsa da, Sebastyen Lyobu 51,3 saniyə üstələyir.
Çempionatın lideri Tyerri Nyovilin bəxti yenə də gətirməyib. Bundan öncə problem yaşayan belçikalı pilot yenidən iki dəqiqə itirib - birinci xüsusi hissədə su düşməsindən sonra mühərriki sönən belçikalı, sonradan təkərin deşilməsi ilə üzləşib. Bütün bu problemlərə baxmayaraq Tyerri yarışı altıncı yerdə davam etdirir.