Segway dam örtüyü, təhlükəsizlik kəmərləri və avtomobillərə xas bəzi yardımçı sistemləri ilə seçilən X Cruiser elektrik skuterini təqdim edib. İlk baxışdan 2000-ci illərin əvvəllərində istehsal olunan BMW C1 modelini xatırladan yenilik EICMA motosiklet sərgisində nümayiş etdirilib.

X Cruiser gündəlik şəhər gedişləri, alış-veriş və qısa-orta məsafəli səfərlər üçün nəzərdə tutulub. Segway hələlik elektrik mühərrikinin gücü barədə məlumat vermir. Batareyanın isə kuzov konstruksiyasına inteqrasiya edilən Cell-to-Body texnologiyası əsasında hazırlandığı və təxminən 200 kilometr yürüş ehtiyatı təmin edəcəyi bildirilir.

Şarj prosesi 4,5 kVt gücündə dəyişən cərəyanla (AC) Type 2 konnektoru vasitəsilə həyata keçirilir. Sabit cərəyanla (DC) sürətli şarj imkanı isə şirkətin məlumatına görə, yalnız Çin bazarı üçün nəzərdə tutulan versiyada olacaq. Bununla belə, Segway-in Almaniya saytında bu funksiyaya malik variantın da göstərilməsi bəzi detalların hələ dəqiqləşmədiyini göstərir.

Skuter 15-düymlük ön və 14-düymlük arxa təkərlərlə, Michelin City Grip şinləri ilə təchiz edilib. Standart avadanlıqlara 10,25-düymlük displey, 55 litrlik baqaj qutusu, kor zonaya nəzarət (BSD) və zolaqdan çıxma xəbərdarlığı (LCW) sistemləri daxildir. Segway həmçinin rahat oturuş və yaxşı aerodinamik göstəricilər vəd edir.

Şirkətin bildirdiyinə görə, modeldə BMW-dən lisenziya əsasında əldə edilmiş bəzi ikitəkərli nəqliyyat texnologiyalarından istifadə olunub. Lakin onların konkret olaraq hansı sistemlər olduğu açıqlanmayıb. Sənaye daxilində dolaşan iddialara əsasən, Segway BMW-nin dam örtüklü Vision CE layihəsi ilə də əməkdaşlıq edə bilər.

X Cruiser üçün üç versiya hazırlanır: 350 GT Ultra, 100 City və 350 GT. Model adlarının satışa qədər dəyişməsi də mümkündür. Bunlardan yalnız 350 GT Ultra sabit dam örtüyünə malikdir. 100 City versiyasında rahat arxa dayaq, beşnöqtəli təhlükəsizlik kəməri və elektriklə tənzimlənən külək sipəri nəzərdə tutulub.

350 GT isə daha ənənəvi elektrik skuteridir, lakin onda da elektriklə idarə olunan külək sipəri, sürücü və sərnişin üçün kiçik dayaqlar var. Bundan əlavə, bu versiyanın 10 kVt gücündə DC sürətli şarjı dəstəkləyəcəyi bildirilir.

Üç versiyanın hamısının Avropa bazarına çıxarılıb-çıxarılmayacağı hələ məlum deyil. Segway-in açıqlamasına görə, X Cruiser hazırda inkişaf və sınaq mərhələsindədir. Modelin Çin və Avropa bazarlarında satışına müvafiq olaraq 2027 və 2028-ci illərdə başlanması planlaşdırılır.

Image alt Image alt Image alt

Dəqiq satış tarixləri, komplektasiyalar və qiymətlər daha sonra açıqlanacaq. Dam örtüklü versiyanın sürücüsünün dəbilqə taxmalı olub-olmayacağı da hələ aydın deyil. Xatırladaq ki, BMW C1 modelində dəbilqə taxmaq tələb olunmurdu. 2000-ci ildə böyük maraqla qarşılanan BMW C1-in istehsalı zəif tələbat səbəbindən cəmi üç il sonra dayandırılmışdı.

Sonrakı illərdə dam örtüklü skuterlər ideyası müxtəlif istehsalçılar tərəfindən dəfələrlə yenidən gündəmə gətirilsə də, bu tip nəqliyyat vasitələri kütləvi bazarda möhkəmlənə bilməyib. Segway X Cruiser də hələlik seriyaya yaxın konsept mərhələsindədir. Onun real bazar uğurunu isə yalnız istehsal versiyası, qiyməti və təklif edəcəyi təhlükəsizlik imkanları müəyyən edəcək.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.