Almaniyanın Environmental Action Germany (Deutsche Umwelthilfe, DUH) ekoloji təşkilatı "Der Goldene Geier 2020" ("Qızıl qrif 2020") mükafatına namizədlərin siyahısını açıqlayıb. Bu il mükafat, şəhərdəki istismar baxımından ən mənasız, əlverişsiz olan və ətraf mühitə daim ziyan vuran avtomobillərə veriləcəkdir.
DUH tərəfindən keçirilən "Qızıl qrif 2020" müsabiqəsinin qısa siyahısına ekoloji baxımdan ən çox tənqid olunan yolsuzluq avtomobilləri və krossoverlər daxil edilib: BMW X7 M50i, Range Rover Sport SVR, Audi Q7 Plug-In, Volkswagen Amarok Aventura və Mercedes-Benz GLS.
Ekoloqlar bu modellərin istehsalçılarını şəhərdə yeri olmayan təhlükəli və əlverişsiz avtomobilləri buraxmaqda günahlandırırlar. Hər bir namizəd, təşkilatın öz metodikasi ilə hesablanmış yanacaq sərfiyyatı və zərərli tullantıların səviyyəsi barədə qısa məlumatlar olan təsvir ilə tanıdılır.
Belə ki, 530 at qüvvəli BMW X7 M50i modeli, nəhəng ölçülərinə görə adi qaraja yerləşmir, 100 kilometrə 15 litr yanacaq sərf edir və hər kilometrə 357 qram karbon qazı atır.
Range Rover Sport SVR ətraf mühitə daha çox ziyan vurur: 390 qram CO₂, bu göstərici indiki standartlardan dörd dəfə artıqdır.
Hybrid Audi Q7 modelini ekoloqlar istehsalçıların saxtakarlığının nümunəsi kimi nümayiş etdirirlər. Krossoverin alınmasına Almaniya hökuməti tərəfindən subsidiya verilir, amma əslində avtomobilin ətraf mühitə atdığı zərərli tullantıların səviyyəsi olduqca yüksəkdir - hər kilometrə 302 qram.
Volkswagen Amarok Aventura dizel pikapını "çirkli" adladırırlar, çünki onun mühərriki artıq köhnəlmiş Euro-6b standartlarına uyğundur. Pikap parkinqdə çoxlu yer tutur və havaya 276 qram CO₂ atır.
Mükafata son namizəd - Mercedes-Benz GLS modeli isə, digərlərindən daha zərərli olduğunu sübut edir: real testlərdə onun atdığı zərərli tullantılarının miqdarı hər kilometrə 459,3 qram CO₂ təşkil edib.
Yollarda bu cür avtomobillərin sayını azaltmaq üçün, ekoloqlar on min avro dəyərində qeydiyyat rüsumu tətbiq etməyi, zərərli tullantıların səviyyəsindən asılı olaraq nəqliyyat vergisini hesablamağı, şirkətlərə yolsuzluq avtomobilləri və pikap almağı qadağan etməyi, həmçinin şəhər mərkəzindəki dayanacaq yerlərini belə avtomobillər üçün bağlamağı təklif edirlər.