Chevrolet səkkizinci nəsil Corvette modelinin açıq versiyasını təqdim edib. Texniki cəhətdən rodster kupe ilə eynidir. Açıq versiyanın layihələndirmə zamanı nəzərdə tutulduğuna görə, kuzovun möhkəmləndirilməsinə ehtiyac olmayıb.
Qeyd etmək lazımdır ki, Chevrolet Corvette modelinin birinci nəsli məhz açıq kuzovla təqdim edilmişdi. O zaman, avtomobil sərt tavanla təklif edilmirdi. Müvafiq olaraq, səkkizinci nəsil rodster ilk sərt açılan tavanla təklif edilən ilk Corvette-dir.
Kompozit materiallardan hazırlanmış və iki hissədən ibarət olan sərt damı 16 saniyəyə açıb-bağlamaq mümkündür. Bu əməliyyatı 50 km/saat həddinə qədər sürətlərdə etmək mümkündür. Sərt damın qatlanmasına altı elektromotor cavabdehdir. Məlum məsələdir ki, açıq avtomobilin salonunda hava burulğanın qarşısını almaq üçün, elektrik ötürməsi ilə qalxan şüşə də nəzərdə tutulubdur. Bundan başqa, xüsusi vericilər sayəsində dam panellərinin dəqiq yerləşməsi təmin edilir.
İstehsalçı, qatlanan damın olmasına baxmayaraq, baqaj üçün kifayət qədər məkanın olduğunu qeyd edir. Dəqiq həcm səsləndirilməsə də, arxada qolf üçün bir cüt çantanı, öndə isə “kabin-sayz” çemodanını yerləşdirməyin mümkün olduğunu bildirib.
Rodsterin idarəetməsini kupe ilə bənzər etmək üçün yay və amortizatorlar yenidən tənzimlənib. Üstəlik, istehsalçı hər iki superkarın aerodinamikasının eyni olduğunu da bildirib. Lakin, bənzərliyi qorumaq üçün rodsteri arxa spoyler ilə təchiz etməli olublar. Xatırladaq ki, spoyler kupe üçün opsional avadanlıqdır.
Chevrolet Corvette rodsteri oturacaqların arxasında uzununa yerləşdirilmiş 6,2-litrlik səkkiz silindrli atmosfer mühərriki ilə hərəkətə gəlir. LT2 adlandırılmış mühərrik, LT1 aqreqatının təkmilləşdirilmiş versiyasıdır. Yeni mühərrik yanacağın birbaşa çilənməsi sisteminə, 16 klapana, silindrlərinin yarısının söndürülməsi sisteminə və ilk dəfə olaraq quru karterli yağlama sisteminə sahib olub. Sonunci sistem 1g gücündən artıq olan köndələn yüklənmələr zamanı yağ çatışmamazlığını aradan qaldırmağa imkan verir. Yeni LT2 mühərrikinin hasilatı 502 at qüvvəsi və 637 Nm-dir.
Rodsterin qiymətinə gəldikdə isə, rodster kupedən 7500 dollar baha olacağı bildirilib.