Bu gün VW Golf modelinin səkkizinci nəslinin kamuflyajsız şəkilləri peyda olub. Yeni VW Golf modelinin debütü 24 oktyabr tarixində Volfsburqda baş tutmalıdır. Alman istehsalçısı avtomobilin “interyerin rəqəmsallaşdırılması əsrinin etalon nümunəsi” olduğunu iddia edir.
Əslində yeni nəsil Golf modelinin eksteryer dizaynı çoxdan sirr deyil - avtomobilin minimal kamuflyaja malik olan nüsxələri dəfələrlə fotocəsuslar tərəfindən çəkilib. Üstəlik, reklam çarxının çəkilişləri zamanı yaxalanmış avtomobildə ümumiyyətlə kamuflyajdan əsar-əlamət olmayıb. Yeni hetçbekin dizaynına gəldikdə isə, burada radikal dəyişikliklər yoxdur - sadəcə mövcud olan dizayn təkamül prosesi keçərək ID xəttinə bir qədər yaxın olub.
Əvvəllər avtomobilin debütünün gecikməsini onun mürəkkəb elektronikaya malik olduğu ilə izah edilmişdi. Mühəndislər uzun müddət rəqəmsal cihazlar panelinin və təhlükəsizlik sistemlərinin düzgün işləməsini təmin edə bilməmişdilər. Səbəb - yeni texnologiyanın müasir smartfonlardan 10 dəfə artıq kod tələb etməsi olub.
Eyni zamanda, yeni Golf modelinin “inqlabi” interyerə malik olacağı və daim İnternet şəbəkəsinə qoşulu olacağı bildirilmişdi. Bundan başqa, virtual cihazlar panelinin və təhlükəsizlik sistemləri kompleksinin bu sinif üçün “etalon” olacağı qeyd olunmuşdu.