Pilot: 60 min feet (18 288 m) üçün icazə istəyirəm. Qüllədən kinayəli cavab: Əgər o yüksəkliyə qalxmağı bacaracaqsızsa, 60 min feet üçün sərbəstsiz. Pilot: Aydındır, 80 min feet-dən (24 384 m) 60 min feet-ə enirəm. Aviasiya tarixinə keçmiş bu unudulmaz dialoq 70-ci illərdə SR-71 pilotu ilə qüllədə xidmət göstərən əməkdaş arasında olub. Çox güman ki, əməkdaş ya fikirli olub, ya da diqqətlə baxmayıb. Çünki danışdığı pilotun SR-71 kokpitində olduğunu bilsə, belə səhvə yol verməzdi.
Aviasiyada bir çox rekordu alt-üst edən bu son dərəcə güclü və möhtəşəm təyyarənin adı əvvəlcə RS-71 olub. Gəzən şayiələrə görə, guya dövrün ABŞ prezidenti Lindon Conson səhvən adını SR-71 dediyi üçün sonradan dəyişdirilib. Lakin bu, təyyarəni "Strategic Reconnaissance" sözlərinin qısaltmasına uyğun adlandırmaq istəyən ABŞ Hava Qüvvələrinin rəhbəri Kurtis Lemayın oyunu idi.

İlk uçuşunu 1964-cü ildə yerinə yetirən Lockheed-in bu modeli iki il sonra aktiv xidmətə başlayıb. 32 ədəd istehsal olunub, ABŞ Hava Qüvvələri və NASA tərəfindən istifadə edilib. Bu qurumlar müvafiq olaraq 1998-ci və 1999-cu ilə qədər onun xidmətlərindən yararlanıblar. SR-71 məşhur Lookhed A-12 təyyarəsinin əsasında yaradılıb.
İki nəfərlik bu təyyarə radarlara siqnalı əks etdirməməsi üçün qara rəngə boyandığından, "Blackbird" (Qara quş) ləqəbini alıb. Radarda ümumiyyətlə görünməməsinə nail olmasalar da, bu, SR-71 üçün qəti qorxulu olmayıb. Çünki həddən artıq yüksəklikdə uça bilməsi və sürəti onun ən əsas silahları sayılır.

Maksimum 85 000 feet (25 908 m) hündürlükdə xidmət göstərə bilən təyyarənin maksimal sürəti 3,32 Mach-a (80 min feet-də 3540 km/saata) bərabərdir. SR-71 həm yerdən-havaya, həm də havadan-havaya atılan raketləri yayındıra bilən sistemlərlə zənginliyi ilə seçilir. İnfraqırmızı kameralar, istilik sensorları və üzərindən keçən yerlərin görüntülərini həmin anda ötürə bilən sistemləri də onu xüsusi edən özəlliklərdən bəziləridir.
Blackbird-in sensorları saatda 155 000 kvadrat-kilometr ərazini araşdırmağa imkan verib. Bu təyyarə əslində İkinci Dünya Müharibəsindən sonrakı dövrdə SSRİ-nin daha yaxşı kəşf edilməsi üçün ABŞ-ın xüsusi layihəsinin bir hissəsidir. 1990-cı ildə aparılan araşdırmaya görə, təyyarə 5682 km/saatdan yuxarı sürətlə uça bilərsə, gövdəsinin temperaturu 815 dərəcəyə çatar. Lakin bu halda belə, tam performans göstərmək iqtidarındadır.

Öz sahəsində dünyanın ən sürətli və ən hündürdə xidmət göstərə bilən pilotlu təyyarəsidir. Seriya nömrəsi 61-7962 olan bir SR-71 28 iyul 1976-cı ildə 85069 feet (25929) hündürlüyə qalxaraq mütləq yüksəklik rekordunu, elə həmin gün seriya nömrəsi 61-7958 olan başqa bir "Blackbird" 3529,6 km/saat sürətlə hərəkət edərək ən yüksək sürət rekordunu yeniləyib. Bir neçə təyyarə o yüksəkliyə yaxın qalxsa da, uça bilməyib və bir qədər aşağı enməli olub.
Yuxarıda qeyd etdiyimiz rəsmən qeydə alınan sürət təxminən 3,3 Mach-a bərabərdir. Lakin pilot Brayan Şul məhz SR-71 barədə yazdığı The Untouchables (Toxunulmazlar) kitabında 1986-cı ildə Liviyada atılan raketdən yayınmaq üçün sürəti 3,5 Mach-a qaldırdığını qeyd edib.

SR-71 1974-cü ildə Nyu-Yorkdan Londona olan 5570 km-lik ənənəvi rotanı 2908 km/saat orta sürətlə 1 saat 54 dəqiqə, 56,4 saniyəyə qət edib. Maraqlısı odur ki, bu uçuş zamanı başqa təyyarədən yanacaq qəbul etmək üçün yavaşlamalı da olub. Qeyd edək ki, Concorde-un həmin məsafə üçün sərf etdiyi vaxt 2 saat 52 dəqiqədir.
Bunlardan başqa, seriya nömrəsi 61-7968 olan təyyarə 1971-ci ilin aprelində 24000 km-i 10 saat 30 dəqiqə vaxt ərzində uçub ki, bura havada yanacaq bərpası üçün sərf edilən vaxt da daxildir.

Texniki göstəriciləri:
Pilot sayı: 2
Uzunluğu: 32,74 m
Qanadlarının kənar nöqtələri arasındakı məsafə: 16,94 m
Hündürlüyü: 5,64 m
Təkər bazası: 12 m
Boş çəkisi: 30 617 kq
Maksimum qalxış ağılrığı: 78 018 kq
Güc qurğusu: 2 ədəd Pratt & Whitney J58 motoru
Maksimum sürəti: 3540 km/saat (3,32 Mach)*
Mənzili: 5230 km
Xidmət yüksəkliyi: 85 000 feet (25 908 m)
Hündürə qalxma sürəti: 60m/saniyə
* - Maksimal sürəti qeyd edilən qədər olsa da, yuxarıda yazıda da göründüyü kimi, bəzən bundan da sürətli uçub. Buna kömək edən başlıca amil isə təyyarənin arxasından əsən küləyin itələmə qüvvəsidir.