2015-ci ildə Porsche şirkəti 981 Boxster modelinin bazasında dağa sürətli dırmanma üçün yüngül idman avtomobilini inşa edib. Bu avtomobil 1968-ci ilin 909 Bergspyder modelinin müasir interpretasiyası olmalı idi.
1968-ci ildə buraxılmış Porsche 909 Bergspyder xüsusi olaraq dağa sürətli dırmanma üçün hazırlanmışdı. Avtomobil ağ-yaşıl livreyaya və 384 kiloqramlıq çəkiyə malik idi. Porsche 909 Bergspyder qısa müddət ərzində buraxılıb.
2015-ci ildə Porsche rəhbərliyi mühəndislərə 981 Boxster modelinin bazasında xüsusi avtomobil inşa etmək tapşırığı veriblər. Rəhbərliyin fikrincə, avtomobil maksimal dərəcədə yüngül və minimalistik olduğu üçün «daha radikal və kompromissiz» təsir bağışlamalı idi. Nəticədə ağ-yaşıl livreyanı daşıyan Porsche 981 Bergspyder peyda olub.
Damı, alın şüşəsi və qapı dəstəklərindən məhrum olmuş təkyerli 981 Bergspyder yalnız süni dəridən hazırlanmış çıxarılan dama malik idi. Ən maraqlısı odur ki, avtomobil interyeri 918 Spyder modelindən irsən almışdı. Sərnişin yerində dəbilqə və baqaj üçün bölmə yerləşirdi. Bergspyder 100 km/saat həddinə dörd saniyəyə sürətlənirdi.
Bir sıra ölkələrin qanunvericiliyi belə avtomobili ümumi yollarda istismar etməyə imkan vermirdi. Bu isə, spayderin satış perspektivlərini qaranlıq edirdi. Bu səbəbdən də, almanlar avtomobili buraxmamaq qərarına gəliblər. Digər tərəfdən 50-ci illərin üslubunda olan Porsche 911 Speedster modelinin buraxılması da bu qərara təsir göstərib.