Son bir əsrdə olduqca böyük inkişaf yolu keçmiş aviasiya sektoru bir çox texnologiyaya, yeniliklərə şahidlik edib. Tarixdə əfsanəyə çevrilmiş saysız-hesabsız pilot, təyyarə, hava yolları şirkətləri, hava limanları və s. var. Lakin heç şübhəsiz ki, bu sektorun ən böyük aktyorlarında biri məhz odur - Aérospatiale/BAC Concorde!
İkinci Dünya Müharibəsindən sonrakı onillikdə bir qədər susqunluq olsa da, 50-ci illərin ortalarından etibarən - çox sərnişin daşıya bilən böyük təyyarələrin istehsalı barədə planların populyar olduğu dövrdə britaniyalılar səsdən daha sürətli uça bilən təyyarə layihəsi üzərində baş sındırırdılar. Onlara paralel olaraq, fransızlar da bunun üzərində işlər aparırdılar. Nəhayət, növbəti onillikdə iki ölkə bu layihədə güclərini birləşdirməyi qərara aldılar. Layihənin, daha doğrusu istehsal olunacaq təyyarənin adını "razılıq, harmoniya və birlik" mənalarını verən Concorde qoydular.
Təyyarə ilk uçuşunu 2 mart 1969-cu ildə yerinə yetirib. İlk kommersiya uçuşu isə 21 iyun 1976-cı ildə baş tutub. Ümumilikdə 20 ədəd istehsal olunsa da, bunlardan 6 ədədi test məqsədi ilə istifadə edilib. Digər 14 təyyarə isə istehsal edildikcə növbəli şəkildə Air France və British Airways şirkətlərinə təhvil verilib. Ümumiyyətlə, Concorde məhz bu iki şirkətin təyyarə parkında olub. Daha 2 aviaşirkət isə qısa müddət üçün bu təyyarələrdən birini icarəyə götürüb ki, onlardan biri də Singapore Airlines-dır.
Concorde təkcə texniki göstəricilərinə görə yox, dizayn baxımından da digərlərindən kəskin fərqlənir. Heç vaxt kommersiya uçuşlarına buraxılmayan rəqibi Tupolev TU-144 ilə dizaynları demək olar ki, eynidir. Olduqca dar gövdəsi və analoqsuz qanad quruluşu məhz yüksək sürət qabiliyyətindən xəbər verir. Onun çox maraqlı xüsusiyyətlərindən biri isə, eniş və qalxış zamanı pilotların daha yaxşı görə bilməsi üçün burun hissənin bir qədər aşağıya endirilə bilməsidir.
Səsdən 2 dəfə sürətli (2 Mach) uça bilən bu unikal "dəmir quş" barədə maraqlı faktlar var. Məsələn, uçuş zamanı hava ilə sürtünmə nəticəsində təyyarənin gövdəsi 130 dərəcəyə qədər isinirmiş və bu istilik alminium təbəqənin yumşalmasına səbəb olurmuş. Hətta uçuş zamanı təyyarənin gövdəsinin 7,5 sm uzandığı aşkar edilib. Onun sürətini limitləyən mühərriklərin gücü yox, gövdənin isinməsi olub.
Maksimum 128 sərnişin daşıya bilən Concorde Atlantik okeanını orta hesabla cəmi 3,5 saata keçə bilib. London ilə Nyu York arasında sərnişin təyyarəsi ilə ən qısa zamanda uçuş rekordu da məhz ona aiddir - 2 saat 52 dəqiqə 59 saniyə! Bu yüksək nəticə bir çoxlarının marağını cəlb etsə də, onunla uçmaq hər kəsə nəsib olmayıb. Bunun üçün qalın pul qabına ehtiyac vardı, çünki London - Nyu York xətti üzrə uçuşların rekord məbləği bir sərnişin üçün 7995$ olub ki, bunun da indiki dəyəri 12 000 $-a bərabərdir
Hər nə qədər çox rəğbət görsə də, texnoloji cəhətdən möhtəşəm olduğu qədər, iqtisadi cəhətdən tam əksi olması onun ömrünün qısa olmasına gətirib çıxarıb. Çoxları Concorde-un təqaüdə göndərilməsini 25 iyul 2000-ci ildə Parisdəki qəza ilə əlaqələndirsə də, əslində belə deyil. Həmin vaxtlar artıq 20 ildən uzun müddətin texnologiyası olması, yeniliklərin olmaması, istehsalının dayandırılması və xüsusi ilə də, uçuş xərclərinin həddən artıq çox olması artıq hər iki aviaşirkəti qara-qara düşündürüb.
Müqayisə üçün, Boeing 747-400 bir sərnişin üçün 1 km uçuş zamanı 3,2 litr yanacaq sərf edirsə, Concorde üçün bu rəqəm 20 litr idi. Təbii ki, bunda oturacaq azlığının da təsiri var. Eyni zamanda, təmir, texniki baxış xərcləri də digər təyyarələrlə müqayisə edilməz dərəcədə çox olub. Bu da onun daha çox sərnişin daşıyan jumbo-cetlərlə mübarizədə geriyə salan amil olub.
25 iyul 2000-ci ildə Parisdə qalxış zamanı özündən əvvəlki təyyarədən düşmüş bir metal parça təkəri parşalayır və təkərdən qopan kütlə yanacaq çənini zədələyir. Mühərriki alışan təyyarəni artıq qalxış sürətinə çatdığı üçün saxlamaq mümkün deyildi. Pilotların son ümidi yaxınlıqdakı digər hava limanına eniş etmək olsa da, alınmır. Yaxınlıqdakı otelə çırpılan təyyarədə daşıdığı 109 insanla yanaşı, oteldəki 4 nəfərin də ölümünə səbəb olur.
Bu qəzadan sonra uçuşlarına qadağa qoyulan və lisenziyası ləğv edilən Concorde aylar sonra bir çox texniki yeniliklə birlikdə yenidən sertifikat almaq üçün test uçuşlarından üzüağ çıxmalı olur. Onun göylərə yenidən qayıdışı da başıbəlalı günə - 11 sentyabr 2001-ci ilə təsadüf edir. Lakin sərnişinlərin artıq narahat olması, yüksək xərclər 24 oktyabr 2003-cü ildə son uçuşunu yerinə yetirməsinə səbəb olur. Hazırda həmin 14 təyyarədən 12-si dünyanın müxtəlif yerlərində sərgilənir...
Texniki göstəriciləri:
Sərnişin tutumu: 92-128 nəfər
Uzunluğu: 61,66 metr
Qanad ucları arasındakı məsafə: 25,6 metr
Hündürlüyü: 12,2 metr
Tam boş halda çəkisi: 78,7 ton
Maksimum qalxış ağırlığı: 185,07 ton
Yanacaq tutumu: 95,680 kq
Kabinənin uzunluğu, eni və hündürlüyü: Müvafiq olaraq, 39,32, 2,62 və 1,96 metr
Maksimum eniş ağırlığı: 185,07 ton
Güc qurğusu: 4 ədəd Rolls-Royce/Snecma Olympus 593 Mk 610 mühərrikləri
Maksimum sürəti: 2179 km/s (2,04 Mach)
Kruiz sürəti: 2158 km/s
Maksimum uçuş məsafəsi: 7 222 km
Maksimum uçuş yüksəkliyi: 18 300 metr (60 000 ft)
Ehtiyac duyduğu eniş-qalxış zolağının uzunluğu: 3600 metr