Dodge şirkəti Challenger SRT Demon ekstremal kupesinin təqdim edilməsi ətrafında ehtirasları necə körükləmişdirsə də, təqdimatdan sonra da bu ehtiraslar sönmək bilmir. Bir müddət bundan öncə, dreq üzrə rəsmi yarışları təşkil edən ABŞ-ın hot-rod assosiasiyası “Şeytanın” peşəkar dreq yarışlarında iştirakına qadağa qoymuşdur.
Bu qadağanın əsas səbəbi avtomobildə təhlükəsizlik karkasının olmamasıdır. Bundan başqa, peşəkar yarışlarda iştirak üçün “Şeytanın” sürücüsünə yarış lisenziyasını almaq gərəkdir. Bu da azmış kimi, bu günlərdə Automotive News nəşrinin jurnalistləri avtomobilin ümumi yollarda istismarının qadağan edilməsi barədə təkliflə çıxış etmişdirlər.
“Müştərilərini avtonom idarəetmə sistemlərinin sınağında istifadə edən Tesla şirkəti kimi, yarışlar üçün hazırlanmış Dodge Challenger SRT Demon modelini ümumi yollarda istismar edilməsi üçün satmaq da doğru deyildir. Qeyri-leqal şinlərlər ilə təchiz edilmiş və dəhşətli sürətlənməyə malik olan Demon modeli düzgün qəbul edilməyən qərarların nəticəsidir. Bununla şirkət öz məqsədlərini ictimai təhlükəsizlikdən üstün tutur”, – Automotive News dərgisinin jurnalistləri qeyd etmişdirlər.
Ekstremal kupe 6,2-litrlik V8 HEMI mühərriki ilə təchiz edilmişdir. Mühərrik səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. Yerindən 60 mil/saat (96 km/saat) həddinə Dodge Challenger SRT Demon modeli 2,3 saniyəyə sürətlənir. Dörddə bir mili avtomobil 9,65 saniyəyə qət edir. Bu məsafənin finişində avtomobil 224 km/saat sürətə malik olur.