Ford F-150 Raptor modelinin V8 mühərrikindən məhrum edilməsi populyar pikapın pərəstişkarlarını məyus edib. Lakin, Shelby American səkkizsilindrli pikapı arzulayanları sevindirəcək layihəni Las Veqasda keçirilən SEMA tüninq şousunda nümayiş etdirib.
Super Snake Sport F-150 adlandırılmış konseptual pikap 760 at qüvvəsi hasil edən V8 mühərriki və Borla buraxılış sistemi ilə təchiz edilib. Bundan başqa, Super Snake azaldılmış hündürlüy olan asqı sisteminə, 22-düymlük təkər disklərinə və 6-porşenli əyləc mexanizmlərinə sahib olub.
Nəhayət, pikap üçün tərkibinə ön bamper, kapot və yük platformasının orijinal qapağı daxil olan xüsusi aerodinamik kuzov dəstini hazırlayıblar.
Shelby American atelyesi Super Snake Sport F-150 pikapının dinamik xarakteristikalarını açıqlamayıb. Atelye modelin “təəccübləndirici qədər yeyin olduğunu” bildirib.