Shelby Super Snake superkarı Mustang kupesinin Kərroll Şelbinin adını daşıyan şirkətin Ford konserninin iştirakı olmadan yaratdığı ən ekstremal versiyasıdır. Avtomobil istehsalçısı hazırda Mustang GTD superkarını tanıtmaqla məşğuldur və Shelby prefiksini daşıyan zavod modifikasiyalarını buraxmağa tələsmir (Ford bu markadan lisenziya əsasında istifadə edir). Buna baxmayaraq, Shelby American şirkəti trek günləri üçün nəzərdə tutulmuş R prefiksli daha da aqressiv "superilanı" hazırlayıb.

Hətta adi Shelby Super Snake çox aqressiv kuzov dəsti ilə seçilir, lakin Super Snake-R daha da “acıqlı” görünür. Buna, ilk növbədə, genişləndirilmiş təkər tağları və böyüdülmüş aerodinamik elementlər sayəsində nail olunub. Kapot və ön qanadlardakı əlavə hava kanalları, çəpərcikli kandarlar, splitter, diffuzor və böyük antiqanad karbonplastikdən hazırlanıb.
Antiqanada baqajın qapağındakı aktiv spoyler assistentlik edir. Beş kuzov rəngindən birini seçmək və yarış üslubunda əlavə qrafikanı sifariş etmək olar. Shelby Super Snake-R modeli Michelin şinləri taxılmış 20 düymlük döymə təkər disklərinə malikdir.

Salonda Shelby loqoları olan dəri və alkantara üzlənmiş idman oturacaqları, həmçinin təhlükəsizlik yarımqəfəsi var. Oxşar emblemlər döşəmə kilimlərini və kandarları bəzəyir. Ön paneldə firma kobrası və modelin seriya nömrəsi olan lövhəcik var.
Trek üçün hazırlanmış Shelby Super Snake-R superkarı Whipple ötürməli üfürməsi olan 5,0-litrlik V8 Coyote mühərriki ilə təchiz edilir. Əsas versiya 840 at qüvvəsinə malikdirsə, R versiyası artıq 862 at qüvvəsi təklif edir.

Bundan əlavə, bu mühərrikin standart atmosfer versiyasını (507 at qüvvəsi) "R" üçün sifariş etmək mümkün deyil, baxmayaraq ki, bu aqreqat adi Super Snake modeli üçün əlçatandır.Üstəlik, 10-pilləli avtomatik və ya 6-pilləli Tremec TR-3160 mexaniki transmissiya arasında seçim təklif olunur.
İstənilən halda, güc aqreqatının dartma qüvvəsi arxa oxa göndərilir. Super Snake-R kupesinin boş çəkisi 1816 kiloqramdır ki, bu da zavod Mustang Dark Horse modelində olduğundan 53 kiloqram çoxdur. Bununla belə, iki model arasındakı böyük güc fərqi bu faktoru heçə endirir.

Bununla belə, R versiyasının əsas xüsusiyyəti geniş miqyasda təkmilləşdirilmiş şassidir. Tərtibatçılar Super Snake-R kupesini Shelby şirkətinin tarixindəki ən sürücü yönümlü model adlandırırlar. Buna nail olmaq üçün asqıdakı çevik birləşmələrdən imtina edilib, onlar sərt metal şarnirlərlə əvəz olunub.
Başqa stabilizatorlar quraşdırılıb, onların bağlanma yerləri yenidən işlənib. Vintli dayaqlar geniş tənzimləmə variantlarına malikdirlər. Brembo əyləc sistemi gücləndirilib.
Amerikada Shelby Super Snake-R ən azı 225.000 dollara başa gəlir. Bu məbləğə donor Ford Mustang Dark Horse modelinin qiyməti da daxildir. Ən vacibi isə, Shelby şirkəti öz avtomobillərinə üç il və ya 58 min kilometr zəmanət verir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.