Əfsanəvi McLaren F1 superkarının müəllifi olan Qordon Mürrey Shell şirkəti ilə birlikdə yeni şəhər avtomobilinin prototipi olan T.27 layihəsini təqdim etmişdir. Uzunluğu 2500 millimetr, eni - 1350 millimetr və hündürlüyü 1600 millimetr olan subkompakt avtomobilə Shell Concept Car adı verilmişdir. Bu avtomobilin yanacaq çəninin tutumu 22 litr, baqajının həcmi isə 160 litr, qatlanmış oturacaqlarla isə 720 litr təşkil edir. Mürrey avtomobilin eksteryerinin dizaynını hazırlamışdır.
Shell Concept Car modelinin mühərriki üzərində əvvəllər McLaren komandasında Mürreylə birgə çalışmış Osamu Qoto işləmişdir. Qoto əsas olaraq Smart avtomobilinin 660-kubluq üç silindirli mühərrikini götürərək onu yenidən işləmişdir. Ümumilikdə mühərrikin 17 komponenti dəyişdirilmişdir. Shell şirkəti isə, öz növbəsində güc aqreqatı üçün xüsusi mühərrik yağını və digər yağlama materiallarını hazırlamışdlır.
Mühərrikin gücü 43 at qüvvəsi təşkil edir ki, beş pilləli avtomatik sürətlər qutusu ilə birlikdə çalışan güc aqreqatı avtomobili 100 km/saat həddinə 15,8 saniyəyə sürətləndirir. Shell Concept Car’ın maksimal sürəti 154 km/saat, yanacaq sərfiyyatı isə 100 kilometrə 2,64 litrdir.
Mürrey avtomobilin şassi və kuzovunu özünün ixtirası olan və dəfələrlə təkmilləşdirdiyi iStream texnologiyasından istifadə edərək yaratmışdır. Yeni variantda çoxlu sayda karbon elementlərdən istifadə edilmişdir ki, bu sayədə də konseptin çəkisi 550 kiloqram təşkil edir. Dizaynın hesabına isə, avtomobilin aerodinamik müqavimətinin səviyyəsi 0,29-dur.