Bir zamanlar İkinci Dünya müharibəsinin bombardmançı təyyarələrini səmaya yola salan Silverstoun ötən həftəsonu yenidən mühərriklərin gurultusuna qərq olmuşdu. Bu dəfə isə səmaya qalxan təyyarələr yox, asfalt üzərində rekord sürətlə şığıyan Formula 1 bolidləri idi. Beləliklə, Silverstoun növbəti dəfə həyəcan və intriqa ilə zəngin Britaniya Qran Prisinə ev sahibliyi edirdi.
1948-ci ildə ilk yarışına ev sahibliyi edən Silverstoun Formula 1 tarixinin ən simvolik avtodromlarından biridir. O vaxt olduğu kimi, bu gün də dünyanın ən sürətli pilotları burada hər döngədə, hər əyləc nöqtəsində və hər dövrədə güzəştsiz mübarizə aparırlar. Formula 1-də texnika, aerodinamika və strategiya qələbənin əsas şərtləridir. Bununla belə, bu idman növünün yazılmamış qanunu dəyişməz qalır: finiş xəttini keçmədən heç kim qalib sayıla bilməz.
Yanlış pit-stop qərarı Ferrari-ni mövsümün ilk dublundan məhrum etdi.
Yarışın həlledici mərhələsində bütün diqqətlər Şarl Lekler və Kimi Antonelliyə yönəlmişdi. Ferrari pilotu liderliyi qorusa da, gənc italiyalı hər dövrədə fərqi azaldır, ardıcıl olaraq ən sürətli dövrələri vururdu. Leklerin arxa görüntü güzgülərində getdikcə böyüyən Mercedes artıq real təhlükəyə çevrilmişdi. Antonellinin Ferrari-ni yaxalayıb ötmək üçün kifayət qədər tempi vardı və Silverstoun son dövrələrdə möhtəşəm duelə hazırlaşırdı.
Lakin Formula 1 bəzən ən gözəl ssenariləri də yarımçıq qoyur. Texniki nasazlıq Antonellinin bütün ümidlərini puça çıxardı. O, qələbə uğrunda mübarizəni davam etdirmək bir yana, yarışı xal qazanmadan başa vurdu. Bu hadisə isə Leklerin üzərindəki təzyiqi aradan qaldırdı və monakolu pilotun son dövrələri daha rahat keçərək qələbəyə doğru irəliləməsinə imkan yaratdı.
Antonellinin Mercedes-i Leklerin güzgülərində getdikcə böyüyürdü.
Yarışın digər dramatik qəhrəmanı isə yerli azarkeşlərin sevimlisi Lyuis Həmilton idi. Silverstoun tribunaları yeddiqat dünya çempionunun adını səsləndirərkən, britaniyalı pilot start prosedurunu pozaraq false start etdi və buna görə cərimə aldı. Buna baxmayaraq, Həmilton yüksək tempi hesabına itirdiyi mövqeləri geri qaytarmağa başladı və ikinci yer uğrunda real iddiaçıya çevrildi. Lakin Scuderia Ferrari strateqlərinin taktiki qərarı bu ümidləri də puça çıxardı. Nəticədə britaniyalı pilot üçüncü yerlə kifayətlənməli oldu, Ferrari isə bu mövsüm növbəti dubla imza atmaq şansını əldən verdi.
Britaniya Qran Prisinin qalibi Şarl Lekler oldu. İkinci yeri Corc Rassell tutdu, Lyuis Həmilton isə podiumun üçüncü pilləsinə yüksəldi. İlk onluğu Lando Norris, İsak Hacar, Liam Louson, Arvid Lindblad, Qabriel Bortoleto, Franko Kolapinto və Pyer Qasli tamamladılar. Yarışın son beş dövrəsinin Təhlükəsizlik Avtomobilinin (Safety Car) müşayiəti altında keçirilməsinə isə dördqat dünya çempionu Maks Ferstappenin qəzası səbəb oldu.
Britaniya Qran Prisi bir daha sübut etdi ki, Formula 1-də qələbə təkcə sürətdən asılı deyil. Etibarlı texnika, düzgün strategiya və bəzən bir qədər yarış bəxti də eyni dərəcədə vacibdir. Elə buna görə də Formula 1 dünyanın ən mürəkkəb və ən dramatik idman növlərindən biri olaraq qalır.
Bir zamanlar bombardmançı təyyarələrin havaya qalxdığı Silverstoun bu gün də tarix yazmağa davam edir. Sadəcə, indi bu tarixi səmada deyil, asfalt üzərində şığıyan Formula 1 bolidləri yazır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.












