Bu il keçirilən NACTOY (The North American Car,Truck and Utility Vehicle of the Year) müsabiqəsinin finalına doqquz model çıxıb, Üç kateqoriyanın - minik avtomobili, krossover/SUV və pikap, - hər birində üç model mübarizə aparacaq. Onların arasında həm daxili yanma mühərrikli, həm də elektrikləşdirilmiş avtomobillər - hibridlər və elektromobillər var. Qaliblər, tərkibinə 50 avtomobil jurnalisti və eksperti daxil olan münsiflər heyəti tərəfindən seçiləcək. Mükafatlandırma mərasimi 4 yanvar 2024-cü ildə Miçiqan ştatının Detroit şəhərində keçiriləcək.
Şimali Amerikanın ən yaxşı minik avtomobili adı uğrunda Toyota Prius/Prius Prime, Honda Accord və Ioniq 6 yarışacaq. Pikaplar kateqoriyasında iki Chevrolet modeli - Colorado və Silverado EV, eləcə də Ford F-Series Super Duty modeli qələbə uğrunda mübarizə aparacaq.
Nəhayət, “ən yaxşı utilitar avtomobil” (krossoverlər və ofrouderlər üçün birləşdirilmiş kateqoriya) adına namizədlər Genesis GV70 Electrified, Kia EV9 və ya Volvo EX30 modelləridir. Ekspertlər sadalanan modelləri texnologiya, dizayn, təhlükəsizlik, idarəetmə və rahatlıq da daxil olmaqla bir neçə parametr üzrə qiymətləndirməlidirlər.
Ötən il ən yaxşı minik avtomobili Acura Integra, ən yaxşı krossover Kia EV6 elektrokarı, ən yaxşı pikap isə, batareyalı Ford F-150 Lightning modeli olub. Integra modeli xarici görkəmi və opsional mexaniki ötürmələr qutusu ilə münsiflər heyətinin rəğbətini qazana bilib. O, toplanmış xallara görə Genesis Electrified G80 və Nissan Z modellərini geridə qoyub.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.