ABŞ-da keçirilən North American Car, Truck and Utility Vehicle of the Year 2024 (NACTOY) müsabiqəsinin qalibləri elan edilib. Səsvermədə Şimali Amerika mətbuatını, onlayn nəşrlərini, televiziya kanallarını və radio stansiyalarını təmsil edən 50 avtomobil jurnalisti iştirak edib. Müsabiqə bir neçə mərhələdə keçirilib. Yayda 52 namizədin siyahısı tərtib edilib. Sentyabrda keçirilmiş Detroit avtosalonunda isə, onların sayı 25-ə endirilib. Noyabrda isə, doqquz finalçı müəyyən olunub.
“İlin Avtomobili” nominasiyasının qalibi 192 xal toplayan Toyota Prius/Prius Prime hetçbeki olub. Münsiflər heyəti hetçbekin qəşəng görünüşünü, ənənəvi aşağı yanacaq sərfiyyatını və elektrik ötürməsi ilə layiqli yürüş məsafəsini qeyd ediblər. Xatırladaq ki, Prius Prime plagin hibridi elektrik dartması ilə 64 kilometrdən çox məsafə qət edir. Digər iki iddiaçı - Honda Accord və Hyundai Ioniq 6, - qələbə qazanmağa çox yaxın olublar.
Yalnız pikapların təqdim olunduğu “İlin yük avtomobili” kateqoriyasında birinci yeri münsiflər tərəfindən 189 xalla qiymətləndirilən monstşəkilli Ford Super Duty ailəsi tutub. Onların fikrincə, Ford şirkətinin ağır yük avtomobilləri xətti “iş və sərgi atı” anlayışının təcəssümüdür. Başqa sözlə, pikap tikinti sahələri və bahalı kemperlərin yedəyə alınması üçün eyni dərəcədə uyğundur. Finalçıların ilk üçlüyünə Chevrolet Colorado və Chevrolet Silverado EV modelləri daxil olublar.
Nəhayət, 320 xal toplayan Kia EV9 modeli “İlin krossoveri” seçilib. Maraqlıdır ki, Genesis Electrified GV70 və Hyundai Kona/Kona EV də daxil olmaqla, bu kateqoriyada qələbə uğrunda yalnız Koreya avtomobilləri mübarizə aparıb. Lakin Kia EV9 krossoveri birincisi, üç oturacaq sırasına malikdir, ikincisi, rəqiblərdən daha az xərc tələb edir, üçüncüsü isə, tezliklə Corciya ştatının Vest Poynt şəhərindəki Kia zavodunun konveyer xəttindən çıxmağa başlayacaq.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.