Hava yolları şirkətlərinin təyyarə parkına baxdıqda, çoxumuzu bir sual düşündürür: dargövdəli təyyarələrin qiyməti 100 milyon dollardan başlayırsa, daha iri təyyarələrin qiyməti hətta 450 milyon dollara çatırsa, şirkətlər bu qədər pul xərclədikdən sonra necə və neçə ilə bunu kompensasiya edirlər və üstəlik əlavə pul da qazanırlar? Maraqlı sualdır. Əslində isə əksər şirkətlərin təyyarə parkının bir hissəsi, bəzilərində isə hamısı icarəyə götürdükləri təyyarələrdən ibarətdir. Təyyarə icarəsi ənənəsi isə, aviasiyada bir çox şeyin formalaşdığı dövrə - keçən əsrin 60-cı illərinə təsadüf edir.
Allegheny Hava Yolları 1967-ci ildə bütün ABŞ üzrə uçuşlar reallaşdırmaq xəyalını qururdu, bunun üçün bir neçə kiçik şirkəti alaraq özünə birləşdirmişdi. Lakin, yenə də bu kifayət etmir, çox sayda təyyarəyə ehtiyac duyulurdu, ancaq kiçik bir şirkətin belə böyük maddi imkanları yox idi. Allegheny 1929-cu ildə kirayə məhsullar verən GE şirkətinə müraciət edir və müsbət cavab alır.
GE 3 ədəd McDonnell Douglas DC-9 təyyarəsini alaraq Allegheny-ə verir və bu 3 təyyarənin pulunun 12 il ərzində qaytarılması barədə razılaşırlar. Beləliklə şirkət 50-yə yaxın şəhərə uçmağa başlayır. Sonradan, onun adı bir neçə dəfə dəyişilir və hazırda dünyanın ən böyük aviaşirkətlərindən olan American Airlines-ın bir parçasına çevrilir.
OPEC-in 1973-cü ildə neft embarqosu qərarı təyyarə icarəyə verən şirkətlərin formalaşmasına təkan verir. Buna səbəb yanacağın qiymətinin kəskin artması idi. İrlandiyanın Aer Lingus şirkəti sahib olduğu təyyarələri uçura bilmədiyindən, onları Tailandın Air Siam şirkətinə kirayəyə vermək qərarına gəlir.
İrlandiyalılar böhran aradan qalxandan sonra da sahib olduqları Guinness Peat Aviation (GPA) adlı təyyarə icarəsi ilə məşğul olan şirkətini böyüdürlər. Şirkət, 1980-cı ildə bütün dünyadakı təyyarələrin 2%-nin sahibi idi, sonrakı 20 ildə isə, bu rəqəm 15%-ə yüksələcəkdi.
Lakin, GPA da kirayə verdiyi təyyarələri kredit ilə aldığı üçün, Körfəz Müharibəsindən sonrakı dövrdə baş vermiş böhran zamanı çətin vəziyyətə düşür. Beləliklə, özünə güclü maliyyə ortağı axtaran şirkət, yuxarıda qeyd etdiyimiz GE ilə birləşərək, hazırda təyyarə sayına görə dünyanın ən böyük şirkətlərindən olan General Electric Capital Aviation Services, yəni GECAS-ı yaradırlar.
Şirkət bir neçə il ərzində təyyarə sayını 445-ə yüksəldərək liderliyi ələ keçirir, növbəti illərdə isə Airbus və Boeing-dən ümumilikdə 430 təyyarə sifariş edir.Hazırda bu şirkətin dünyanın 75 ölkəsində fəliyyət göstərən 270 hava yolu şirkətində 2000-dən çox təyyarəsi var.
Hazırda dünyada, ümumi dəyəri real bazar qiyməti ilə 696 milyard dollar məbləğində olan, təxminən 27 000 kommersiya təyyarəsi vardır ki, bunun da 49%-i şirkətlər tərəfindən icarəyə götürülən təyyarələrdir. Bu rəqəmin 55%-ə yüksələcəyi gözlənilirdi, lakin pandemiya buna da ciddi təsir göstərib.
Bəzi şirkətlər mövcuz vəziyyətdə uçuşlarıhəyata keçirə bilmədiyindən, icarəyə götürdükləri təyyarələri qaytarmaq variantını seçiblər. Bu bazarın gələcəkdə necə formalaşacağını görmək üçün bir neçə il gözləmək lazım gələcəkdir.
Yaxşı, bəs nəyə görə şirkətlər təyyarəni almaq əvəzinə icarəyə götürürlər? Bir təyyarənin şirkətin rəngləri ilə boyanması və içindəki əməkdaşların həmin şirkətin kostyumlarını geyinməsi, onun təyyarənin əsl sahibi olduğu mənasına gəlmir. Hansı daha sərfəlidir, gəlin təhlil edək.
Məsələn, bir şirkət Boeing 787-8 DreamLiner-dən 10 ədəd almaq istəyir. Hazırda bu təyyarənin qiyməti 240 milyon dollar ətrafındadır. Şirkət, Boeing-dən 10 təyyarəyə görə təxmini 30-35% endirim alsa, ən azı 1,5 milyard dollar vəsait ödəməli olacaqdır. Lakin, bu təyyarələri aylıq bir neçə milyon dollara kirayələmək də mümkündür.
Beləliklə, nəğd pulu əlində saxlamaq istəyən bir şirkət 10 ədəd 787 üçün ildə 120-150 milyon dollar arası ödəniş edərək onlardan istifadə edə bilər.
Təyyarə icarəsinin 3 əsas növü var:
Dry Lease. Ən çox istifadə edilən üsuldur və adından da göründüyü kimi, "quru kirayələmə" kimi başa düşülür. Yəni, şirkət müəyyən bir müddət üçün, bu işlə məşğul olan hansısa şirkətdən və ya başqa hava yolları şirkətindən təyyarəni icarəyə götürür və öz uçuş heyəti ilə işləyir.
Wet Lease (ACMI). Şirkətlər uçuş şəbəkəsindəki boşluqları doldurmaq üçün əlavə təyyarəyə ehtiyac duyduqda, bu üsuldan istifadə edirlər. Bu zaman sahibkar şirkət təkcə təyyarəni yox, uçuş heyətini də verir, sığorta və təmir xərclərini də öz üzərinə götürür.
Damp Lease. Yuxarıda saydığımız iki üsula da bir qədər bənzəyir. Xüsusilə Britaniyada məşhur olan bu üsulda icarəyə verən pilotlarını da qarşı tərəfə göndərir, xərcləri öz üzərinə götürür, qalan işçilər isə icarəçi tərəfdən təmin edilir.
Lakin, üsullar bunlarla bitmir. Məsələn, "sat və yenidən icarəyə götür" variantı da var. Bu zaman təyyarə istehsalçıdan alınır və kirayə verən şirkətə satılaraq ondan geri icarəyə götürülür. Bunun əsas səbəbi şirkətdən pul çıxışı hesabına vergiləri azaltmaq və nəğd pulu yenə də əldə saxlamaq istəyidir.
Qatar Airways 2017-ci ildə 7 ədəd Airbus A350 təyyarəsini məhs bu üsulla icarəyə almaq barədə GECAS ilə razılığa gəlib. Cathay Pacific və BOC Aviation da bir müddət əvvəl, Boeing 777-300ER təyyarələri üçün eyni məqsədlə razılığa gəlmişdilər.
İcarələr bir çox şirkətin böyüməsinə səbəb olub. Məsələn, Wizz Air şirkətinin bütün parkıi icarəyə götürdüyü təyyarələrdən ibarət olmasaydı, şirkət xərclərin çoxluğu səbəbindən biletləri bu qədər ucuz sata bilməzdi və indiki müştəri bazasına sahib olmazdı. Təyyarələrinin 70%-dən çoxu icarə əsaslı olan LOT Polish Airlines, IndiGo, GOL, Vueling kimi şirkətlərin son illərdəki dinamik yüksəlişində bu üsulun əvəzsiz rolu var.
Lakin, digər tərəfdən, kirayələmək əvəzinə, satın almaq da əlverişlidir. İndiki dövrdə bunu görmək mümkündür: pandemiyaya görə uçuşlar tamamilə dayanandan sonra, şirkətlər icarəyə götürdükləri təyyarələrdən gəlir əldə etməsələr də, onlara görə ödənişlər etməyə məcburdular. Bundan başqa, təyyarəni aldıqda, istehsalçı müştərilərinin könlünü xeyli xoş edəcək böyük endirimlər də edə bilir.
Digər tərəfdən, Lufthansa kimi təyyarə parkının 70%-dən çoxuna sahib olan şirkətlər sərmayə qoyuluşu axtardıqda və ya böyük kreditlər almaq lazım gəldikdə, onları təminat kimi göstərmək imkanına sahibdirlər.
Təyyarə icarəsi ilə məşğul olan dünyanın ən böyük şirkətləri arasında AerCap Holdings N.V. (bu şirkətlərin ən böyüyü hesab edilir), Dubai Aerospace Enterprise, Chapman Freeborn, Textron Financial, General Electric Capital Aviation Services (GECAS), Air Lease Corporation ,Avolon, Nordic Aviation Capital, SMBC Aviation Capital, Industrial and Commercial Bank of China (ICBC) kimi şirkətlər vardır.
Nəticə olaraq deyə bilərik ki, nəğd pulu əlində saxlamaq istəyən şirkətlər üçün icarəyə götürmək əlavə nəfəs və gəlir qaynağıdır. Lakin "pulun varsa, özün al" prinsipi burada da çox yaxşı işləyir.