Dünən sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilmiş sirli Ferrari avtomobili bir daha fotokameraların obyektivlərinə tuş gəlmişdir. İlk zamanlar, bir çoxları aşkar edilən bu sportkarın italyan şirkətinin üzərində işlədiyi Dino modelinin prototipi olduğunu ehtimal edirdilər. Bildiyimiz kimi, Ferrari Dino sportkarı iki variantda gücü olan (450 və 600 at qüvvəsi) 2,9-litrlik ikiqat turbokompressorlu mühərriklə təchiz ediləcəkdir. Eyni zamanda, Dino sportkarı Ferrarinin model cərgəsində ən ucuz avtomobil olmalıdır.
Digər tərəfdən məlumdur ki, italyan şirkətinin xüsusi sifarişləri yerinə yetirən Special Projects (SP) bölməsi mövcuddur. Bu bölmə artıq Ferrari SP FXX, SP America və SP F12 TRS kimi tanınan bir neçə maraqlı layihələrə imza atmışdır.
Cəsusların fotoşəkillərindən göründüyü kimi, aşkar edilmiş naməlum avtomobilin ön hissəsinin dizaynı 488 GTB modelini xatırlatsa da, ön bamperin, qapı kandarlarının, arxa hissənin tərtibatı ilə adı çəkilən sportkardan seçilir.
Ehtimal etmək olar ki, İtaliyan bayrağı ilə bəzədilmiş bu avtomobil, SP bölməsi tərəfindən xüsusi sifarişl həazırlanmış nadir sportkarlardan biridir.
Başqa bir ehtimala görə, bu avtomobil gələcək 488 GTB Speciale modelinin prototipi və ya şirkətin Uzaq Şərqdəki nümayəndəsi Diter Knextelin haqqında danışdığı GT modeli də ola bilər.
İstənilən halda bir müddət sonra italyan istehsalçısının bu məqama aydınlıq gətirəcəyinə inanırıq.