Bir neçə gün əvvəl Lamborghini şirkəti naməlum superkarın tizerini yayaraq, tezliklə onun təqdimatını keçirəcəyini bəyan etmişdi. Bu gün isə, sirli superkarın şəkilləri İnternet şəbəkəsində peyda olub. Şəkillər “AutoExpress” nəşrinin saytında dərc ediliblər. Şəkillərin keyfiyyəti yaxşı olmasa da, gələcək superkarın görünüşü üzərindən sirr pərdəsinin götürülməsinə kifayət edir. Üstəlik, onun adı da bəlli olub – Lanzador.

Konseptin hamar, lakin Lamborghini superkarlarında rast gəlinənlərdən daha uzun dama sahib olduğu görünür. Konseptin 2+2 oturacaq formuluna malik olan Grand Tourer kuzovunu aldığı da diqqəti çəkir. Üstəlik, digər diqqət cəlb edən detal – avtomobilin məhdud tirajlı Huracan Sterrato superkarı üslubunda artırılmış klirensidir.  

Konsept Lamborghini loqotipini daşıyacaq ilk elektromobilin carçısıdır. Sırf elektrik dartması ilə hərəkətə gələn seriya modelinin 2028-ci ildə debüt edəcəyi gözlənilir. Bu tarix təsadüfən seçilməyib – həmin il Lamborghini brendinin ilk 2+2 formuluna malik olan qrand turerinin – Espada superkarının 60-illik yubileyi qeyd ediləcək. Bununla yanşı, Lanzador modelinin Urus krossoverinin elektrik varisinin olduğu da söylənilir.

İtalyan istehsalçısının elektromobillərə keçidinin bu qədər uzanmasında təəccüblü bir şey yoxdur, çünki Lamborghini brendinin uğurları V10 və V12 mühərrikləri ilə bağlıdır. Lakin markanın ilk qoşulan hibridi olan Revuelto superkarının təqdimatı zamanı şirkətin rəhbəri Stefan Vinkelmann Lamborghini elektromobilinin daxili yanma mühərriki ilə hərəkətə gələn superkarlardan daha emosional ola biləcəyini söyləmişdi.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Lamborghini şirkətinin baş texniki direktoru Ruven Mor da öz şefini dəstəkləyərək, elektromobillərin daxili yanma mühərrikli superkarlar ilə müqayisədə mühəndislərə daha geniş yaradıcılıq imkanları verdiyini bildirmişdi. Bununla belə, o, Lamborghini elektromobilini buraxmaq üçün uyğun vaxtın gəlib çatmadığını, həmçinin elektrokarın 2+2 formullu qrand turer olacağını qeyd etmişdi.  Odur ki, Lanzandor konsepti onun sözlərinin təsdiqidir.

Mənbə: AutoExpress

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.