Kupe hər zaman eqoistlərin seçimi olub - çünki kupe sahibini bu dünyada maraqlandıran ən sonuncu şey arxa yerlərdəki məkandır. Elə, kupeşəkilli krossoverlər adlandırılan modellərin də. Bu səbəbdən də bu növ avtomobilləri sevmirəm - məhdudiyyətlərdən və çərçivələrdən heç xoşum gəlmir.
Deyəsən, mənə kupe-krossoverləri sevdirəcək model ,nəhayət ki, işıq üzü görüb. Söhbət Audi Q8-dən gedir. İnqolştadtlılar kupe-kross yaradan zaman, rəqiblərindən fərqli olaraq, başqa üsula əl atıblar - düz də ediblər. Q8 heç də rəqiblərinə bənzəmir və Audi dizaynerlərini kimsə plagiatda ittiham edə bilməz. Q8-ə baxanda əfsanəvi Audi Quattro S1 xatırlayıram - əsasən də arxa dayaqlara nəzər salanda... Möhtəşəm bir avtomobil idi...
Audi Q8 isə, rəqiblərinin etmədiyi edib - çərçivəsiz qapıları deyirəm. Bəli, bəli çərçivəsiz qapılar, lap əsl kupelərdə olduğu kimi... Digər tərəfdən bu rəqiblərə bir eyhamdır - sizin qoyduğunuz çərçivələr bizə vız gəlir....
Lakin, Q8-də digər kupelərdən fərqli olaraq, arxa oturacaqda özünü çağrılmamış qonaq kimi hiss etməyəcəksən...
Hər zaman dizaynın avtomobili müştəriyə sevdirən başlıca amilin olduğunu demişəm və deyəcəyəm. Əlbəttə ki, qiymət faktorundan sonra. Audi Q8-in çöhrəsində istənilən həndəsi fiquru görmək olar - üçbucaq, kvadrat, düzbucaqlı və ya trapesiya. Amma onları bir yerə yığaraq cəlbedici avtomobil yaratmaq da dizaynerdən məharət tələb edir. İnqolştadtlı dizaynerlərə isə halaldır - kişilər papaqlarını boş yerə günə yandırmayıblar...