Hər iki avtomobil tizer şəkillərində görüntülənib: Kamiq krossoverinin dizaynındakı əsas dəyişiklik yeni bamperlər və təkmilləşdirilmiş optikadır, Scala hetçbeki isə, “işıq imzasını” əldə edib. Yenilənmiş modellərin rəsmi təqdimatı avqust ayının 1-nə planlaşdırılıb.
Tizer şəkillərindən göründüyü kimi, Kamiq krossoverinin ön və arxa optikası müasirləşdirəcək, habelə bamperlərin dizaynı dəyişdiriləcəkdir - ön tərəfdə gümüşü dekorativ örtük peyda olacaq. Radiator barmaqlığı, restaylinqdən əvvəlki modeldən daha böyük görünür və o, fərqli tərtibata - ikiqat şaquli çubuqlara malikdir.
Scala hetçbeki isə, öz növbəsində, ön bamperdəki böyüdülmüş hava girişləri sayəsində indiki versiyadan bir qədər idmansayağı görünür. Amma əsas yenilik arxa fənərlərin özünəməxsus “işıq imzasıdır” - onun vasitəsilə avtomobili hətta qaranlıqda belə tanımaq olar.
Böyük ehtimalla, hər iki modelin təchizatına yenidən baxılacaq, avadanlıqların siyahısı yeni opsiyalarla tamamlana bilər, lakin çox güman ki, mühərrik çeşidi eyni qalacaq. Skoda hələlik bu barədə ətraflı məlumat verməyib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.