Dördüncü nəsil Skoda Fabia hetçbeki 2021-ci ilin may ayında debüt edib. Buna baxmayaraq, çex avtomobil istehsalçısı modelin Avropa bazarında satılacaq modifikasiyaları ilə bağlı detalları indi paylaşıb. Avropalılara geniş çeşiddə mühərriklər təklif ediləcəkdir və bunlar yalnız benzin mühərrikləri olacaqdır. Hibrid güc qurğuları nəzərdə tutulmayıb.
Bundan başqa, hetçbekin alıcılarına üç asqı variantından seçim veriləcəkdir: standart asqı ilə yanaşı, daha sərt və yaxud fərqli yaylar və amortizatorlar olan pis yollar üçün versiyasını sifariş etmək mümkündür.
Avropada dördüncü nəsil Fabia modeli Euro 6d ekoloji normalarına cavab verən Evo nəslindən olan benzin mühərrikləri ilə satışa çıxarılacaqdır. Bu çeşidə 65 və ya 80 at qüvvəli variantda təklif edilən 1,0-litrlik atmosfer mühərriki, 95 və ya 110 at qüvvəli 1,0-litrlik “turboüçlük” və silindrlərin yarısının söndürülməsi funksiyası olan 150 at qüvvəli 1,5-litrlik “turbodördlük” daxildir.
Skoda şirkətidən, 50 litrlik yanacaq çəninin quraşdırılması halında, Fabia modelinin dolu çənlə 900 kilometr məsafə qət edə biləcəyini söyləyiblər. Ən güclü 1,5-litrlik turbomühərrik istisna olmaqla, bütün mühərriklər beş və ya altı pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilir. 150 at qüvvəli turbomühərrik isə, alternativsiz olaraq yeddi pilləli DSG “robotu” ilə tandemdə çalışır.
Asqılara gəldikdə isə, standart asqı ilə yanaşı, iki opsional variantdan birini seçmək olar. Birinci variant idman xüsusiyyətlərini vəd edir və sərt amortizatorların quraşdırılmasını nəzərdə tutur - bu halda Fabia modelinin klirensi 15 millimetr azalacaqdır.
İkinci variant Rough-Road paketinin tərkibinə daxildir və keyfiyyəti aşağı olan yollarda istismar ediləcək nəqliyyat vasitələri üçün nəzərdə tutulub: paketin tərkibinə fərqli yaylar və amortizatorlardan başqa, altlığın müdafiə panelləri və 15 millimetr artırılmış klirens daxildir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.