Şkoda Auto şirkəti Cenevrə avtomobil sərgisində yeni VisionS konseptini nümayiş etdirmək fikrindədir. Çexiyalı istehsalçı öz niyyətini yeni konseptin tizerlərini dərc etməklə bildirmişdir. Təsvirlərdən göründüyü kimi, çexlər 2017-ci ildə işıq üzü görəcək yeddi yerli krossoverin carçısını təqdim edəcəkdirlər. Verilən məlumatlara görə, avtomobilin qabarit uzunluğu 4700 millimetr, eni - 1910 millimetr, hündürlüyü isə 1680 millimetr olacaqdır. Konsept altı sərniçinin rahatlıqla əyləşəcəyi üç cərgəli oturacaqlara malikdir.
Avtomobilin zahiri görkəmi iki il bundan öncə elə Cenevrədə təqdim edilmiş VisionC prototipinin üslubunda həll edilmişdir. Avtomobil, kuzovun perimetr boyu müdafiəsini təmin edən plastik elementlər ilə, iki təkər diskləri və işıq diodlarından hazırlanmış fənərlərlə təchiz ediləcəkdir.
Çox güman ki, konsept Alyaskada mövcud olan boz ayıların şərəfinə Kodiak adlandırılacaqdır. MQB modul şassisində hazırlanmış konsept 7-yerli Volkswagen Tiguan modeli ilə eyni komponentləri daşıyacaqdır. Şkoda Kodiak həm iki cərgəli, həm də üç cərgəli oturacaqlarla təklif ediləcəkdir.
İlkin məlumatlara görə, Şkoda Kodiak krossoverinin baza variantı 150 at qüvvəsi olan 1,4-litrlik TSİ mühərriki ilə təchiz ediləcəkdir. Bundan əlavə, krossover 180 və 220 at qüvvəsi olan 2,0-litrlik benzin mühərrikləri ilə təklif ediləcəkdir. Avtomobil həmçinin 2,0-litrlik dizel güc aqreqatları ilə də təklif ediləcəkdir.
Bu mühərriklərin gücü 150 və 184 at qüvvəsi təşkil etməlidir. Sonradan krossoverin məişət elektrik şəbəkəsindən qidalanan hibrid güc aqreqatı ilə təchiz edilmiş variantının da istehsal olunacağı ehtimal edilir.
Avtomobilin seriya variantı oktyabr ayında keçiriləcək Paris avtomobil salonunda təqdim edilməsi söylənənlər arasındadı. Həmçinin, yeni modelin satışlarının 2017-ci ilin yayında başlanması gözlənilir.