Skoda şirkəti markanın elektrikləşdirməsi planını açıqlayıb. Proqramın bəzi maddələri barədə insayderlər xəbər versələr də, bu dəfə çex istehsalçısı həmin məlumatları rəsmən təsdiq edib.
Beləliklə, Skoda markasının ilk elektrikləşdirlmiş modeli Skoda Citigo hetçbeki olacaqdır. Şəöhər hetçbeki tamamilə elektrik güc aqreqatı ilə hərəkətə gələcəkdir. Bu günə qədər Citigo modelinin ən ekoloji variantı metan ilə çalışan 1,0-litrlik mühərrikə malik olan modifikasiya idi.
Yığcam hetçbekin elektrik aqreqatı barədə təsəvvür əldə etmək üçün VW e-up! Modelinə və Seat Mii prototipinə nəzər salmaq kifayətdir. Xatırladaq ki, e-up! 82 at qüvvəsinə və 210 Nm fırlnma anına malik olan elektromotor və 18,7 kilovat-saatlıq batareya ilə təchiz edilir. Elektrokar 160 kilometr qət etmək iqtidarındadır.
Skoda Superb modeli də elektrikləşdirməyə məruz qalacaqdır. Model VW Golf GTE modelindən tanış olan hibrid qurğu ilə təchiz ediləcəkdir. Bu qurğunun tərkibinə 150 at qüvvəli 1,4-litrlik TSI və 102 at qüvvəli elektromotor, həmçinin 8,7 kilovat-saatlıq batareya daxildir. Yeri gəlmişkən, Skoda Superb modelinin Passat GTE modelinin 13 kilovat-saatlıq batareyası ilə də təchiz ediləcəyi istisna edilmir.
Çex istehsalçısı növbəti dörd il ərzində model xəttinin elektrikləşməsinə və qabaqcıl mobil servislərinin inkişafına dörd milyard avro sərmayə qoyacağını bildirib. Skoda MEB modul platformasında bir neçə modeli buraxacağını da təsdiq edib.