Skoda şirkəti yığcam Citigo və onun elektrik versiyası olan Citigo e iV modelinin istehsalını dayandırmağa qərar verib. Bu barədə “Car” dərgisinə müsahibə verən, çex şirkətinin qlobal satışlar və marketinq şöbəsinin rəhbəri Alan Favi bildirib. Səbəb isə məlumdur - yığcam şəhər avtomobillərinin gəlirliyi aşağıdır və Skoda şirkəti diqqəti daha çox gəlir gətirən iri avtomobillərə yönəltməyə qərar verib.
Skoda Citigo hetçbekinin benzin versiyası 2011-ci ildən istehsal olunur. Citigo e iV elektrokarı isə keçən ilin payızında satışa çıxıb. Citigo e iV modeli belə avtomobillər üçün böyük tutumu olan 36 kilovat-saatlıq batareya ilə təchiz olunur və bunun sayəsində də 270 kilometr məsafə qət edir.

Eyni zamanda, Favi Skoda şirkətinin Volkswagen ID.1 modelinin bazasında hazırlanacaq elektravtomobili buraxacağını da istisna etməyib. Bu avtomobil, öz növbəsində, Citigo e iV modelinin ən yaxın qohumu olan Volkswagen e-Up! modelini əvəz etməlidir.
ID.1, ən yığcam, eyni zamanda ən əlçatan Volkswagen elektrmobili olacaqdır. Onun satış qiymətinin 20 min dolları keçməyəcəyi güman olunur.