Skoda şirkətinin ilk elektrokarı Citigo hetçbekinin bazasında inşa edilmiş Citigo-e iV modeli olacaqdır. Çex istehsalçısı yeni elektrokarın eskizini dərc edərək, onun 23 may tarixində təqdim olunacağını bildirib.
Xatırladaq ki, Skoda Citigo modeli artıq səkkiz ildir ki istehsal edilir və hetçbekin nəsil dəyişdirməsinin vaxtı gəlib çatıbdır. Lakin, çex istehsalçısı yeni model hazırlamaqla bərabər, onu Skoda markasının ilk elektromobilinə çevirmək qərarına gəlib.
Yeni elektrotarın tizeri dərc edilsə də, istehsalçı ilk elektrokarı haqqında məlumat verməyib. Dərc edilmiş yeganə sketç isə, avtomobilin eksteryer dizaynı barədə müəyyən mülahizə yürütməyə imkan verir. Nəzərə çarpan dəyişikliklərdən biri bağlı radiator barmaqlığıdır. Kapotun altında daxili yanacaq mühərrikinin olmaması, onun soyudulmasını da gərəksiz edir.
Yeni Skoda Citigo-e iV modelinin Volkswagen e-up! və Seat e-Mii seriya elektrokarları ilə qismən unifikasiya ediləcəkdir. Lakin, çex elektrokarı daha tutumlu batareyaya sahib olacaqdır. Məlumdur ki, VW e-up! və Seat e-Mii 18,7 kilovat-saatlıq batareyaya və 160 kilometrlik yürüş məsafəsinə malikdirlər. Skoda Citigo-e iV modelinin isə 300 kilometrə yaxın yürüş məsafəsinə malik olacağı söylənilir. Ehtimallar doğrudursa, Citigo-e iV 81 at qüvvəli elektromühərrikə sahib olmalıdır. Eyni mühərrikə malik olan Seat e-Mii modeli 100 km/saat həddinə 12,4 saniyəyə sürətlənir.
Skoda Citigo-e iV modelinin təqdimatı Bratislavada keçiriləcəkdir. Həmin tədbirdə yenilənmiş Skoda Superb modeli və onun iV indeksli hibrid variantı təqdim edilməlidir.