Bir il bundan əvvəl Skoda yanacaqlı Karoq modelini tamamlayacaq Elroq adlı yığcam elektrik krossoverinin buraxılacağını elan etmişdi. Bu model çex istehsalçısı üçün çox vacibdir, ona görə də onun debütünə hazırlıq bir neçə ay əvvəlcədən başlayıb. Qarşıda bizi tizer kampaniyası və ayrıca detalların dərc ediləcəyi mətbuat açıqlamaları gözləyir. İndi isə, yeni elektromobil yüngül zavod kamuflyajında nümayiş etdirilib.

Artıq məlumdur ki, Elroq ikimərtəbəli fənərləri və ön hissəsinin eni boyunca uzanan LED zolağı olan yeni Tech-Deck Face korporativ üslubunda “üzü” alan ilk seriya Skoda avtomobili olacaq. Kapotda adi loqotip əvəzinə Skoda yazısı olacaq. Bununla belə, kuzovun firma plastikası dəyişməyəcək, istehsalçı isə, o cümlədən optimallaşdırılmış naxışı olan təkər diskləri (diametri 19-dan 21 düym arasında) sayəsində, krossoverin yaxşılaşdırılmış aerodinamikaya (Cd əmsalı 0,26) malik olacağını bildirir.

Skoda Elroq elektromobilinin əsasını Volkswagen qrupunun MEB modul platforması təşkil edir. Təkər bazası Karoq modelindəki 2638-ə qarşı 2770 millimetrdir. Ümumi ölçülərinə görə isə, Elroq yanacaqlı qohumunu bir qədər üstələyir: onun uzunluğu 4390-ə qarşı 4490 millimetr, eni – 1841-ə qarşı 1890 millimetr, hündürlüyü isə, 1603-ə qarşı 1660 millimetrdir. Baqaj bölümünün həcmi 470 litrdir. Arxa oturacaqlar qatlandıqda bu həcm 1580 litrə qədər artır.

Hələlik interyerin təsvirləri yoxdur, lakin tərtibatçılar beş düymlük cihazlar panelini və media sisteminin 13 düymlük böyük ekranını, həmçinin tamamlanmış reallığı olan proyeksiya ekranı vəd edirlər. İnteryerdə təkrar emal edilmiş materiallardan geniş istifadə olunur: məsələn, opsional süni dəri 78% plastik şüşələrdən ibarətdir. Salonda ümumi həcmi 48 litr olan kxırda əşyalar üçün saxlanc yeri olacaq. Ənənəvi Simply Clever aksessuarlarının mövcudluğu da qeyd olunub. Doqquz təhlükəsizlik yastığı və geniş çeşidli elektron köməkçilər dəsti təhlükəsizlik üçün cavabdehdir.

Yığcam krossover dörd modifikasiyada təklif olunacaq ki, onlardan üçü arxa ötürməlidir. Baza Skoda Elroq 50 versiyası 170 at qüvvəli elektrik mühərriki və 55 kilovat/saatlıq litium-ion dartma batareyası ilə təchiz ediləcək. Elroq 60 versiyasının göstəriciləriləri - 204 at qüvvəsi və 63 kilovat/saatdır. Hər iki variantın maksimal sürəti 160 km/saatdır. Arxa ötürməli Elroq 85 modeli 286 at qüvvəli mühərrikə, tam ötürməli Elroq 85x isə, ümumilikdə 299 at qüvvəsi hasil edən iki mühərrikə malik olacaq. Belə krossoverlər 82 kilovat/saat tutumlu batareyalarla təchiz ediləcək, 180 km/saata qədər sürətlənə və dolu batareya ilə 560 kilometrdən çox məsafə qət edə biləcəklər.

Dörd modifikasiyanın hamısı 175 kilovata qədər gücə malik olan sürətli şarjı dəstəkləyəcək. Bu rejimdə daha kiçik 50 və 60 versiyaları 25 dəqiqədən az müddətdə yürüş məsafəsini 10-dan 80 faizə qədər artıracaqlar. Daha böyük 85 və 85x versiyalarına isə, bunun üçün 28 dəqiqədən az vaxt tələb olunur. 11 kilovat gücündə bort cihazından batareyanın tam doldurulmasına 5,5 - 8 saat arasında (modifikasiyadan asılı olaraq) vaxt gərək olacaq.

Yeni Skoda Elroq elektrik krossoveri haqqında ətraflı təfərrüatlar yaxın aylarda peyda olmalıdır. Tam ölçülü təqdimatın  oktyabr ayında keçirilməsi nəzərdə tutulub. Baza versiyasının təxminən 40 min avroya başa gələcəyi gözlənilir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.