Skoda şirkəti özünün yeni Enyaq Coupe iV kross-kupesinin tizer kampaniyasını davam etdirir. Bu dəfə, çex istehsalçısı qısa videoçarxı dərc edərək, avtomobilin debüt tarixini açıqlayıb – 31 yanvar 2022-ci il. Yeni modelin bəzi maraqlı xüsusiyyətləri var: məsələn, kross-kupe sinfindəki ən aşağı aerodinamik müqavimət əmsalına (0,234) malikdir. Yeni videoda radiator barmaqlığının yerində quraşdırılmış işıqlanan bağlı panel də nümayiş etdirilir.

Ölçülər baxımından Enyaq Coupe iV modeli demək olar ki, adi Enyaq iV ilə bənzərdir - kupeşəkilli variant standart krossoverdən dörd millimetr uzun və bir millimetr hündürdür. Baqaj bölməsinin həcmi 585-dən 570 litrə qədər azalıb.

Enyaq Coupe iV standart olaraq panoram damla təchiz ediləcəkdir. Təkər disklərinin ölçüləri 19 - 21 düym arasında olacaqdır. Xatırladaq ki, adi Skoda Enyaq iV modeli standart olaraq 18-düymlük disklər ilə təklif edilir. LED işıq texnikası da standart təchizata daxildir, ancaq matrisa fənərləri və radiator barmaqlığının işıqlandırılması üçün əlavə ödəniş etmək gərəkdir.

Skoda Enyaq Coupé iV modeli dolu batareya ilə WLTP dövrünə əsasən 535 kilometrə qədər məsafə qət edə biləcəkdir. Beləliklə, kupeşəkilli model 25 kilometr daha uzunmənzilli olacaqdır.

Elektromobil üç variantda təklif ediləcəkdir. Enyaq Coupé iV 60 modeli 62 kilovat-saatlıq litium-ion batareya və arxa oxda quraşdırılmış 179 at qüvvəli yeganə elektrik mühərriki ilə təchiz ediləcəkdir. Daha güclü versiya olan Enyaq Coupe iV 80  modeli 204 at qüvvəli mühərriki və 535 kilometrə qədər yürüş ehtiyatını təmin edən 82 kilovat-saatlıq batareyanı alacaqdır.

Ən güclü versiya isə tam ötürməli, lakin daha qısamənzilli olacaqdır. Skoda Enyaq Coupé iV 80x modelinin ikimühərrikli güc qurğusu 265 at qüvvəsi hasil edəcəkdir. 

Əslində, bu qurğunun imkanları daha genişdir. Böyük ehtimalla, çex istehsalçısı güc qurğusunun hasilatını məhdudlaşdırıb - çünki öndəki mühərrik 102 at qüvvəsi, arxadakı isə 204 at qüvvəsi hasil edə bilər. Görünən odur ki, Enyaq Coupe iV modelinin 306 at qüvvəli RS versiyası da olacaqdır.

İlkin məlumatlara görə, batareyalı kross-kupenin Avropadakı satışlarına gələn ilin birinci rübündə start veriləcəkdir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.