Skoda Enyaq iV elektrik krossoveri dekoru və endirilmiş asqısı ilə seçilən yeni Sportline versiyasını alıb. “İdman” xəttindən olan krossoveri üç elektrik mühərrikindən biri ilə sifariş etmək olar. Eyni zamanda, Enyaq Sportline iV modeli 20 və ya 21 düymlük iri təkər diskləri ilə təchiz oluna bilər.
Vizual olaraq Skoda Enyaq Sportline iV krossoverini radiator barmaqlığının qara parlaq rəngə boyanmış çərçivəsi, reylinqlər və yan şüşələrin haşiyəsi, habelə bamperin aşağı hissəsinin tərtibatı və qanadlardakı Sportline emblemləri sayəsində tanımaq olar.
Ön LED Matrix fənərləri (alın şüşəsindəki kamera piyadaları və ya avtomobilləri aşkar edərkən bəzi seqmentləri söndürə bilər), habelə öndə 15 millimetr, arxada isə 10 millimetr endirilmiş asqı standart avadanlıq siyahısına daxildir. Seçim olaraq iki cilalı təkər diskləri təklif olunur: 20-düymlük Vega və 21-düymlük Betria.
Sportline versiyasını üç elektrik mühərrikindən biri ilə sifariş etmək olar. Başlanğıc Enyaq Sportline iV 60 versiyası arxada quraşdırılan elektrik mühərriki (180 at qüvvəsi və 310 Nm) və 62 kilovat-saatlıq batareya ilə təchiz edilir və 400 kilometr yürüş ehtiyatına malikdir.
Enyaq Sportline iV 80 modifikasiyası 204 at qüvvəli mühərrikə və 82 kilovat-saat lıq batareyaya malikdir. Bu modifikasiya dolu batareya ilə 520 kilometr məsafə qət edir. Tam ötürməli Enyaq Sportline iV 80x modifikasiyasının mühərriklərinin ümumi hasilatı 265 at qüvvəsi və 425 Nm fırlanma anıdır. Batareya "80" modelindəki ilə eyni olsada, yürüş məsafəsi bir qədər azdır - 500 kilometr.
Skoda Enyaq Sportline iV modeli üçün təklif edilən Design Selection interyer paketinin tərkibinə qara rəngli tavan, inteqrasiya olunmuş başlıqları olan idman oturacaqları, Suedia mikrofiberindən örtüklər, idman sükan çarxı, pedal örtükləri və “karbon” dekor daxildir. Enyaq Sportline iV modelinin qiymətləri hələlik açıqlanmayıb. Almaniyada adi krossoverin qiyməti 38.850 avrodan başlayır.