Skoda markasının ilk elektrokarı olacaq Enyaq iV modelinə həsr edilmiş tizer kampaniyasına fevral ayında başlanıb. Məhz həmin zaman markanın ilk seriya elektrik krossoverinin adı açıqlanıb və onun mənası izah edilib. Bir neçə həftə əvvəl isə, çex istehsalçısı yeni elektrokarın interyerini nümayiş etdirib. Bu gün isə, Skoda şirkəti elektrokarın xarici görünüşü üzərindəki sirr pərdəsini götürüb.
Əlbəttə, bu təsvirlər eskizlər şəklində dərc edilsə də, lakin eskizlərdən belə gələcək modelin eksteryer dizaynı haqqında fikir yürütmək mümkündür. Doğrudur, seriya avtomobilinin iri təkər disklərinə malik olmayacaqdır. Lakin, əksinə, normal qapı tutacaqları peyda olacaqdır. Ön qanaddakı Founder’s Edition emblemi şəkildəki Enyaq modelinin 1895 nüsxəlik tirajla buraxılacaq və tərtibatı ilə fərqlənəcək xüsusi seriyadan olduğunu göstərir.
Skoda Enyaq iV modelinin ölçüləri də məlum olub. Krossoverin uzunluğu 4648 millimetr, eni - 1877 millimetr, hündürlüyü isə 1618 millimetrdir. Oxlar arasındakı məsafə isə 2765 millimetr təşkil edir. Baqaj bölümünün həcmi 585 litrdir. Texniki baxımdan çex elektrokarı Volkswagen ID.4 krossoverinə bənzəyir və eyni elektrik mühərrikləri ilə təchiz ediləcəkdir.
Bir mühərriklə arxa ötürməli modifikasiya, iki mühərriklə isə tam ötürməli versiya təchiz ediləcəkdir. 82 kilovat-saatlıq batareyaya malik olan top versiya dolu batareya ilə 500 kilometr məsafə qət edəcəkdir. Model çeşinin zirvəsində 306 at qüvvəli Enyaq iV RS elektrokarı duracaqdır. Skoda markasının tarixdəki ən güclü avtomobil olacaq RS indeksli krossover 100 km/saat sürətini 6,2 saniyəyə toplayacaqdır.
Skoda Enyaq iV modelinin təqdimatı sentyabrın 1-də Praqada keçiriləcəkdir. Elektrokarın istehsalı Mlada Boleslavdakı zavodda 2020-ci ilin sonunda başlanacaqdır. Satışların başlanması 2021-ci ilin əvvəlinə planlaşdırılıb.