Skoda ilk elektrik krossoveri Enyaq modelinin debüt tarixini açıqlayıb. Çex istehsalçısı yeni elektrokarın lakonik tizerini paylaşaraq, onun təqdimatının 1 sentyabr tarixində Praqada keçiriləcəyini bildirib. Skoda Enyaq 2021-ci ilə qədər satışa çıxmalıdır.
Volkswagen şirkətinin MEB elektrik platformasında inşa edilmiş Skoda elektrokarının uzunluğu 4648 millimetr, eni - 1877 millimetr, hündürlüyü isə 1618 millimetr təşkil edir. Elektrokarın təkər bazası 2765 millimetrdir. Baqajın həcmi - 585 litr, yedəyə götürülən qoşqunun maksimum çəkisi 1200 kiloqramdır. Skoda şirkəti Enyaq iV modelinin aerodinamik müqavimət əmsalının 0,27 olduğunu bildirib. Müqayisə üçün, Kodiaq modelində bu əmsal 0,33, Tesla Model X elektrokarında isə 0,25-dir.
Skoda Enyaq iV beş versiyada satışa çıxarılacaqdır. Model xəttini açan Enyaq iV 50 modeli 55 kilovat-saatlıq batareya və 148 at qüvvəli elektrik mühərriki ilə təchiz edilir və 340 kilometrlik yürüş ehtiyatına malikdır. Enyaq iV 60 indeksi olan krossover 180 at qüvvəli mühərrik və 62 kilovat-saatlıq batareya ilə təchiz edilir və 390 kilometr yürüş ehtiyatına malikdir. Arxa çəkişli iV 80 modeli ən uzun mənzilli elektrokardır: 82 kilovat-saatlıq batareya və 204 at qüvvəli elektrik mühərriki ilə təchiz edilmiş elektrokar 500 kilometrə qədər yürüş edəcəkdir.
Enyaq iV modeli tam ötürməli iki versiyaya sahib olacaqdır: 80X və vRS. Hər iki versiya 82 kilovat-saatlıq batareya və müvafiq olaraq 265 və 306 at qüvvəli iki elektrik mühərrikini alacaqdır. "Bərkgedən" vRS versiyası 100 km/saat həddinə 6,2 saniyəyə sürətlənəcək və 180 km/saat maksimal sürətə malik olacaqdır. Həm Enyaq iV 80X, həm də vRS, cərəyan yükləmədən 460 kilometr (WLTP) məsafə qət edəcəkdirlər.
Krossoveri 2.3 kilovat gücündə ev rozetkasından, divar quraşdırılmış 11 kilovatlıq cihazdan və 50 kilovatlıq ictimai terminaldan və ya birbaşa cərəyanı 125 kilovata qədər olan yüksək sürətli terminaldan doldurmaq olar. Sonuncu halda batareyanın 10 ilə 80 faiz arasında doldurmasına 40 dəqiqə vaxt gərəkdir.
Bundan başqa, Skoda şirkəti Enyaq iV modelində çex markasının yeni interyer dizaynı konsepsiyasını nümayiş etdirəcəkdir. Çex markası ilk dəfə olaraq, salon tərtibatında zeytun yarpaqlarından alınan taninlərlə aşılanan dəridən istifadə edəcəkdir. Eyni zamanda, krossover İnternet şəbəkəsinə daimi qoşulmanı, proqram təminatının "hava üzərində" yenilənməsini, 13-düymlük ekranı və genişlənmiş reallığı olan proyeksiya displeyini alacaqdır.
Skoda şirkətinin elektrikləşdirmə proqramı 2022-ci ilə qədər 10 modelin buraxılmasını nəzərdə tutur. Şirkət bu planları həyata keçirmək üçün iki milyard avro sərmayə qoyub. Bu vəsaitlərin bir hissəsi Skoda tərəfindən CITIGOe iV və Superb iV modellərinin kütləvi istehsalına başlamaq üçün istifadə edilmişdir.