Skoda şirkəti yaxın zamanlarda debüt etməyə hazırlaşan Enyaq iV elektrik krossoverinə olan maraq artırmağa davam edir. Bu dəfə çex istehsalçısı gələcək elektrokarın interyer detallarını özündə əks etdirən eskizi yayımlayıb.
Elektrokrossover virtual cihazlar paneli və genişlənmiş reallıq texnologiyasına malik olan proyeksiya displeyi ilə təchiz ediləcəkdir. Enyaq iV modelinin əyləncə-məlumat kompleksi 13-düymlük displey və transmissiyanın kiçik selektorunun yaxınlığında yerləşdirilmiş taçpada sahib olacaqdır.
Bundan əlavə, elektrokar ənənəvi düymələrin köməkliyi ilə idarə edilən çoxfunksiyalı ikiqollu sükan çarxına və iqlimə nəzarət sistemi ilə təchiz ediləcəkdir. Çex avtomobil istehsalçısı, Enyaq iV modelinin ön panelinin altında smartfonların simsiz doldurulması üçün nəzərdə tutulmuş platformanı yerləşdirib. Bundan başqa, ön panel boyunca və qapı kartlarında ətraf işıqlandırmasının elementlərini quraşdırılıb.
Avtomobilin daxili hissəsinin tərtibatında ekoloji cəhətdən təmiz materiallardan istifadə olunur. Enyaq iV modelinin salonu zeytun rəngli dəri və təkrar emal edilmiş plastik şüşələrdən hazırlanmış materiallar ilə üzlənmişdir. Çex markasının bütün modellərində olduğu kimi, Enyaq krossoveri də müxtəlif xırda əşyaların saxlamaq üçün çox sayda bölmələrlə təchiz edilir.
Skoda Enyaq iV elektrik krossoveri 1 sentyabr 2020-ci il tarixində debüt etməlidir.