Skoda Fabia RS hot-hetçini xatırlayırsınız? Təəssüf ki, bu model çoxdan tarixə çevrilib: hətta 2014-cü ilin üçüncü nəsil Fabia modelinin “bərkgedən” RS versiyası buraxılmayıb. 2021-ci ildən istehsal edilən indiki dördüncü nəsil hetçbekdə də belə versiya yoxdur.
Skoda Fabia Monte Carlo versiyasını hesaba almırıq, çünki bu halda gücün artırılmasında söhbət gedə bilməz. Skoda şirkətinin İspaniya nümayəndəliyi bu qüsuru təkbaşına düzəltməyə qərar verib və zavod komandasının rallidəki uğurlarının şərəfinə hetçbekin güclü versiyasını hazırlayıb.
Xüsusi versiyanın tam adı Skoda Fabia Rally2 by Cohete Suarez kimi səslənir. Bu o deməkdir ki, bu hot-hetç, İspaniyanın ralli çempionatında Skoda Fabia Rally2 modeli ilə iki dəfə çempion titulunu əldə edən Xose Suaresin şərəfinə yaradılıb. “Cohete” isə, Suaresin çağırış siqnalıdır və ispan dilində "raket" deməkdir.
Əslində, kiçik stilizə edilmiş raket avtomobilin arxa hissəsindəki xüsusi versiyanın loqotipinin yanında yer alıb. Bu və digər qrafika, adətən Skoda RS modelləri üçün nəzərdə tutulmuş Mamba Green kuzov rəngi ilə mükəmməl təzad təşkil edir. Digər xarici xüsusiyyətlərə qara tərtibat, arxa spoyler və Michelin Pilot Sport 5 təkərləri taxılmış 17-düymlük OZ Racing Superturismo WRC diskləri daxildir.
Kapotun altında 1.5 TSI “turbodördüyü” var, lakin o, alman ABT Sportsline tüninq atelyesi tərəfindən təkmilləşdirilib. Mühərrikin hasilatı standart 150 at qüvvəsi və 250 Nm-dən 190 at qüvvəsi və 290 Nm- qədər artırılıb.
İkimuftalı və sükan çarxındakı ləçəkləri olan yeddi pilləli DSG “robotu” da saxlanılıb. Hündürlüyü 15 millimetr azaldılmış idman asqısı quraşdırılıb. Salonda daha çıxınıtılı oturacaqlar və fərqli sükan çarxı, həmçinin ispan pilotun imzası olan xatirə lövhələri peyda olub.
Nəticə ahəngdar yığcam “qaynar” hetçbek alınıb, baxmayaraq ki, onun dinamik xüsusiyyətləri açıqlanmır. Xüsusi hetçbek 100 nüsxəlik tirajla istehsal olunacaq, lakin onların hamısı İspaniya bazarı üçün nəzərdə tutulub.
Hot-hetçin qiyməti 30 900 avrodan başlayır. Müqayisə üçün: İspaniyada 150 at qüvvəli mühərrikə malik olan Skoda Fabia Monte Carlo avtomobilinin satış qiyməti 28 900 avrodan başlayır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.