Skoda şirkətinin model xəttində Yeti modelinin yeganə krossover olduğu vaxtlar çoxdan geridə qalıb. Bu gün Mlada Boleslav istehsalçısı öz krossoverlər xəttini beşinci model ilə zənginləşdirib. Bu model Çin bazarı üçün nəzərdə tutulmuş Kamiq GT kupe-krossoveridir.
Qeyd etmək gərəkdir ki, GT indeksli Kamiq özünəməxsus görkəmə malikdir. Krossoverin xarici görkəmi üzərində çex markasının Çexiyada və Çində fəaliyyət göstərən iki dizayn mərkəzi çalışıb. Kamiq krossoverinin kross-kupeyə transformasiyası zamanı uzunluğu 19 mm artıb ki, buna da yeni bamperlər sayəsində nail olunub. Qalan ölçülərinə görə hər iki krossover bənzərdirlər.
Zahiri fərqlər isə diqqəti çəkəndir. İş təkcə GT modelinin siluetində deyil. Diqqət yetirsəniz Kamiq GT modelinin damının maillik dərəcəsi heç də ənənəvi kross-kupelərə bənzəmir. Bununla belə, krossover tamamilə yeni “üzə” malik olub. Krossoverin çöhrəsindəki aqressivlik gənc auditoriyanın xoşuna gəlməlidir. Krossover 17-düymlük təkər diskləri dəstinə, sayı artırılmış xrom haşiyələrə, yeni qrafikaya malik olan arxa LED fənərlərə və buraxılış sisteminin çıxış borularını gizlədən diffuzora sahib olub. Bundan başqa, Kamiq GT modelini panoram tavan, parlaq kuzov rəngləri və iki rəngli kuzovla da sifariş etmək olar.
İnteryerdəki fərqlər cuzi xarakter daşıyır. Skoda Kamiq GT kuzov rənginə tərtibat elementlərinə və inkişaf etdirilmiş profili olan oturacaqlara malikdir. Güc qurğularına gəldikdə isə, hər iki modifikasiya eyni mühərrik çeşidini bölüşürlər.
Skoda Kamiq GT modeli Çində isteshal edilib, elə Çində də satılacaqdır. Avropalılara gəldikdə isə, onlar Kamiq Monte Carlo modifikasiyası ilə kifayətlənməli olacaqdırlar.