Skoda şirkəti Kushaq və Slavia modellərindən sonra Hindistan üçün hazırlanmış üçüncü modeli – Kylaq krossoverini təqdim edib. O, bu modellər arasında ən yığcam olanıdır - Kylaq modelinin uzunluğu dörd metrdən azdır ki, bu da onu Hindistan tətbiq edilən vergi güzəştləri üçün uyğun edir. Yenilik bazara alternativi olmayan 1,0-litrlik mühərrik, bir neçə təchizat səviyyəsində və 789 min rupilik cəlbedici qiymət ilə çıxacaq.
Səsvermə yolu ilə seçilən Kylaq adı sanskritdən tərcümədə "kristal" kimi tərcümə olunur. O, Skoda krossoverlərinin adlandırma qaydalarına əməl edir: K hərfi ilə başlayır və Q ilə bitir
Kylaq çex markasının Hindistanda Modern Solid dizayn üslubundan istifadə edən ilk Skoda modelidir. Krossover uzunluğu dörd metrdən az olan avtomobillər üçün Hindistanda yaradılmış MQB-A0-IN platformasına əsaslanır. Kylaq modelinin uzunluğu 3995 millimetr, eni və hündürlüyü isə, müvafiq olaraq 1783 və 1619 millimetrdir. Təkər bazasının genişliyi 2566 millimetr təşkil edir.
Kylaq LED faralara, 10,1 düymlük displeyi olan multimedia sisteminə və səkkiz düymlük rəqəmsal cihazlar panelinə malikdir. Həmçinin versiyadan asılı olaraq, simsiz enerji doldurma meydançası, sürücü və ön sərnişin üçün havalandırılan oturacaqlar, lyuk və kruiz-kontrol nəzərdə tutulub. Baqajın tutumu 446 litrdir, arxa oturacaqlar qatlandıqda isə, bu həcm 1265 litrə qədər artır.
Skoda şirkəti artıq standart təchizata daxil olan 25 aktiv və passiv təhlükəsizlik sistemləri dəsti ilə xüsusilə fəxr edir. Siyahıya, məsələn, aşmadan qorunma, sabitliyə nəzarət sistemləri və XDS+ oxlararası differensialının kilidinin elektron təqlidi daxildir. Bahalı versiyalarda isə, sistemlərin sayı 35-ə çatdırılıb.
Kapotun altında 115 at qüvvəsi və 178 Nm fırlanma anı hasil edən 1,0-litrlik TSI mühərriki var. O, altı pilləli mexaniki və ya avtomatik transmissiya ilə birləşdirilir. Kylaq yalnız ön ötürməyə malikdir. Maksimal sürət 188 km/saatdır. Ən dinamik variant mexaniki qutulu krossoverdir – o, 100 km/saatı 10,5 saniyəyə toplayır.
Kylaq 2025-ci ilin əvvəlində Hindistan bazarına çıxarılacaq. O, Kodiaq və Kushaqdan başqa Skoda seriyasında üçüncü və ən kiçik yolsuzluq avtomobili olacaq. Çex brendinin gələcəkdə yeniliyin satış coğrafiyasını genişləndirib-genişlətməyəcəyi hələlik məlum deyil.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.