Bu yaxınlarda Şkoda şirkəti yeni bir tizer dərc etmişdir. Yayılmış tizerdə azca açılmış qaraj qapısı təsvir edilmişdir. Çox gümün ki, bununla çexlər yeni modelin təqdim ediləcəyinə işarə edirlər. Bəzi xarici nəşrlərin fikrincə, çexiyalı istehsalçı, mart ayında keçiriləcək Cenevrə avtomobil sərgisində yeni krossoverin rəsmi təqdimat mərasimini keçirəcəkdir ki, bu tizer də ona işarə edir. Şkoda Kodiak adlanan bu avtomobil yeddi yerli salonla təklif edilməlidir. Bundan əvvəl, Şkoda şirkətinin Fabia modelinin əsasında kiçik ölçülü krossoveri hazırladığı bildirilmişdir.
Təsdiq edilməyən məlumatlara görə, yeni avtomobilin buraxılışı Çexiyanın Kvasinı şəhərindəki zavodda təşkil olunacaqdır. Hal-hazırda bu zavodda Şkoda şirkəti Roomster, Yeti və Superb modellərini istehsal edir. Yeni krossoverin Volkswagen şirkətinin MQB platformasında yığılacağı söylənilir.
Bu platformadan Tiguan modleinin buraxılması üçün istifadə olunur. Avtomobil çex istehsalçısının model cərgəsində Yeti modelindən üst pillədə yer tutacaqdır. Artıq məlumdur ki, onun qabarit uzunluğu 4750 millimetr olacaqdır ki, bu da Superb modelində (4861 millimter) olduğundan 111 millimetr azdır.
Krossoverin mühərriklər qammasına 150 at qüvvəli 1,4-litrlik TSİ mühərriki, həmçinin 180 və 220 at qüvvəsi gücü olan 2,0-litrlik benzin mühərriki daxildir. Bundan başqa, avtomobil 150 və 184 at qüvvəli 2,0- litrlik dizel mühərriki ilə də təchiz ediləcəkdir. Güc aqreqatları altı pilləli mexaniki və ya avtomatik sürətlər qutusu ilə birgə çalışacaqdırlar.