Skoda şirkəti Octavia modelini ilk dəfə tam ölçülü hibrid güc qurğusu ilə təklif etməyə başlayır. Yeni sistem həm liftbək, həm də universal kuzovları, Selection və Sportline təchizat səviyyələrində əlçatan olacaq. Müştərilər 100 və 125 kVt gücündə iki versiyadan birini seçə biləcəklər.
Yeni güc qurğusu VW Golf və T-Roc modellərində istifadə olunan hibrid texnologiya əsasında hazırlanıb. Ardıcıl və paralel sxem üzrə işləyən sistem avtomobilə qısa məsafələrdə yalnız elektrik enerjisi ilə hərəkət etməyə imkan verir. Batareyanın məişət elektrik şəbəkəsindən doldurması nəzərdə tutulmayıb.
Octavia-nın hibrid sistemi iki elektromotor, 1,5-litrlik TSI evo2 benzin mühərriki, birpilləli avtomatik transmissiya və avtomatik muftadan ibarətdir. Elektromotorlardan biri əsasən generator funksiyasını yerinə yetirir və daxiliyanma mühərrikinin işə salınmasına kömək edir. Daha güclü dartma elektromotoru isə ön təkərləri hərəkətə gətirir və əyləcləmə zamanı enerjinin bərpasını təmin edir.
Sistem sürüş şəraitindən asılı olaraq üç iş rejimindən birini avtomatik şəkildə seçir. Elektrik rejimində avtomobil batareyadakı enerji hesabına yalnız elektromotorla hərəkət edir və mühərriki işə salmadan 2 kilometrə qədər məsafə qət edə bilir.
Ardıcıl hibrid rejimində benzin mühərriki generatoru hərəkətə gətirir, generator isə dartma elektromotorunu elektrik enerjisi ilə təmin edir. Bu rejim əsasən 60 km/saatadək sürətlərdə, batareyanın enerji səviyyəsi aşağı olduqda və ya intensiv sürətlənmə zamanı istifadə olunur. Paralel hibrid rejimində isə benzin mühərriki mufta vasitəsilə birbaşa ön təkərlərə qoşulur və elektromotor ona əlavə güc verir. Bu rejim əsasən 60 km/saatdan yüksək sürətlərdə və sabit sürətlə hərəkət zamanı aktivləşir.
Baza hibrid versiya 100 kVt (136 at gücü) hasil edir. Burada 96 kVt (130 at gücü) gücündə 1,5-litrlik TSI mühərriki istifadə olunur. Daha güclü modifikasiya isə 125 kVt (170 at gücü) təklif edir və 110 kVt (150 at gücü) gücündə benzin mühərrikinə malikdir. Hər iki versiyanın maksimal sürəti elektronika tərəfindən 180 km/saat həddində məhdudlaşdırılır.
Hibrid sistemin dartma batareyasının ümumi tutumu 1,6 kVt/saatdır. Batareya arxa oturacaqların altında yerləşdirilib və sistem onun enerji səviyyəsini avtomatik olaraq 40–90 faiz arasında saxlayır. Batareya həm daxiliyanma mühərriki, həm də əyləcləmə zamanı enerji bərpası hesabına doldurulur. Yanacaq çəninin həcmi isə 40 litrdir.
Hibrid sistem baqaj həcminə də ciddi təsir göstərmir. Liftbek kuzovunda baqaj bölməsinin həcmi 460 litr, arxa oturacaqlar qatlandıqda isə 1400 litr təşkil edir. Combi versiyasında bu göstəricilər müvafiq olaraq 485 və 1540 litrdir.
Tam ölçülü hibrid standart olaraq genişləndirilmiş avadanlıqla təklif ediləcək. Buraya 13 düymlük multimedia ekranı, 10 düymlük Virtual Cockpit rəqəmsal cihazlar paneli və baqaj qapağındakı HYBRID yazısı daxildir.
Yeni Skoda Octavia hibridinə sifarişlərin qəbuluna cari ayda başlanmalıdır. İlk avtomobillərin müştərilərə dekabr ayında çatdırılması planlaşdırılır. Modelin qiyməti hələlik açıqlanmayıb.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.









